“Azərbaycanda hər il Mətbuat Günü çox təntənəli şəkildə qeyd edilir. Bu il isə daha fərqlidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə milli mətbuatımızın yaranmasının 150 illiyi ilə bağlı ayrıca sərəncam verildi. Bütün bunlar o deməkdir ki, dövlətimiz bu sahənin inkişafına xüsusi diqqət göstərir”.
KONKRET.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında “Konkret.az” saytının baş redaktoru Fadil Paşayev deyib. Jurnalist bildirib ki, onun üçün ikiqat bayramdır:
“Dövlət başçısının sərəncamı ilə Əməkdar jurnalist fəxri adı ilə təltif edilmişəm. Bu, təkcə əməyimə, uzunmüddətli fəaliyyətimə qoyulan qiymət deyil, eləcə də bir ömürlük stimul, yoluma salan işıqdır.
Sevincimin həddi-hüdudu yoxdur. Dünəndən edilən zənglər, təbriklər məni çox təsirləndirib. Bu fəxri ada layiq olduğumu xüsusi vurğulayanlara da ayrıca təşəkkür edirəm. Təvazökarlıqdan uzaq olsa da, demək istəyirəm ki, nəinki ölkəmizdə, eləcə də xaricdə işləyəndə Azərbaycan həqiqətlərinin – xüsusilə Orta Asiyada yayılmasında mühüm xidmətlər göstərmişəm. Dövlətimə, vətənimə, xalqıma sadiq qalmışam və bundan sonra da belə olacaq”.
Fadil Paşayev qeyd edib ki, bu peşəni çox sevdiyi üçün jurnalistika həyatının ayrılmaz hissəsinə çevrilib:
“Çox çətin, ancaq şərəfli bir peşədir. Bu sahədə işləmək, ayaqda durmaq elə də asan deyil. Dövlətçiliyimizin qorunub saxlanılmasında olduqca böyük əhəmiyyəti var. Sözdən yerində istifadə edəndə onun gücü bir orduya bərabər olur. Arzu edirəm ki, mətbuatda çalışan hər kəs, mövqeyindən və baxışlarından asılı olmayaraq, bir xətti prinsip kimi qəbul etməlidir: dövlətçilik əxlaqı və vicdanlı yanaşma. Bununla bağlı çox danışa bilərəm. Amma başqa vaxt.
Fürsətdən istifadə edib bütün həmkarlarımı bu gün münasibətilə təbrik edirəm. Uca Allahdan hər birinə can sağlığı, işlərində müvəffəqiyyətlər və yeni-yeni nailiyyətlər arzu edirəm. Bayramınız mübarək olsun”.