Sovet DTK-sının məşhur polkovniki, Böyük Britaniya kəşfiyyatının casusu Oleq Qordiyevski macəralı bir şəkildə qaçıb, işlədiyi ölkəyə sığındıqdan sonra başına gələnlər haqda “Növbəti dayanacaq – güllələnmə” adlı kitab yazıb. KONKRET.az kitabın maraqlı hissələrini oxucularına təqdim edir:
***
Torbaya tualet ləvazimatı, üzqırxan avadanlıq və Finlandiya ilə sərhəd rayonlarının xəritəsini yerləşdirdim. Sovet xəritələrinin potensial qaçaqları çaşdırmaq üçün sərhədyanı rayonları qəsdən təhrif etdiklərini bilərək, atlasın mənə faydalı olacağına əmin deyildim, ancaq məndə başqası yox idi. Özümlə başqa heç nə götürmədim və giriş qapısını bağlayanda anlayırdım ki, mən sadəcə evin və əmlakımın qapısını bağlamıram, ailəmdən və köhnə həyatımdan birdəfəlik ayrılıram.
Ardı burada (https://konkret.az/ladali-izleyiciler-elaqeci-ile-goz-goze-casus-polkovnikin-dinleyicilerle-mezelenmesi)
Səkkizinci mərtəbədən liftlə aşağı endim. Gözlənildiyi kimi, qapıçı qadın öz həmişəki yerində oturmuşdi. O, məni idman paltarında görərkən, yəqin ki, adətim üzrə qaçmağa yollandığımı zənn etdi. Mən təxmin edirdim ki, gendən müşahidə maşınının biri kiçik binaların yanında olacaq. Mənim sevimli piyada gəzinti cığırım onun dayandığı yerin yanından keçirdi. İki müşahidə maşınının isə sığorta üçün hardasa yaxınlıqda olacağını ehtimal edirdim. Ancaq mən bu dəfə prospektin axırındakı meşəyə doğru getdim və ağacların arasına dalıb görünməz olan kimi qaçmağa başladım. Dəqiq olaraq iki dəqiqədən sonra, tamamilə əks tərəfdən ticarət mərkəzinə yetişdim. Bura çox qələbəlik idi və mən piştaxtalar önündəki kütləyə qarışdım. Süni dəridən nəzərəçarpmaz çanta almağım üçün bir neçə dəqiqə vaxt apardı. Polietilen torbadakı əşyaları çantanın içərisinə qoydum və tez-tez arxamca “quyruq” olub-olmadığını yoxlaya-yoxlaya Leninqrad vağzalına doğru yoluma davam etdim.
Bu vaxtacan o qədər bitib-tükənmişdim ki, hər şeydə, xüsusilə də vağzalda patrul keşiyi çəkən milis nəfərlərinin və daxili qoşun əsgərlərinin bir yerə çox yığışmasında nəsə bir təhdid görürdüm. Hara baxırdım, hər yerdə uniformalı insanlar vardı. Bir an üçün mənim iltihablı düşüncəmdə axtarıldığıma dair fikir baş qaldırdı. Sonra xatırladım ki, bazar günü açılış mərasimi olası beynəlxalq festivala dünyanın bütün ölkələrindən çoxlu gənclər gəlir. İlk belə tədbir 1957-ci ildə baş tutmuşdu, və o, Xruşov erasının təbii riqqətinin sarmış olduğu mənə əlamətdar hadisə kimi görünmüşdü, ancaq indiki tamamilə başqaydı: süni və həddən artıq mütəşəkkil. Bununla belə, düşündüm ki, festival, necə deyərlər, mənə sərf edir – Skandinaviya ölkələrindən gəlmiş qonaqların axını sərhədçilərin diqqətini yayındıracaq.
Mənim bəxtimə plaskart vaqonun yuxarı yerinə olan bilet düşmüşdü. Heç cür təklikdə qalmaq mümkün deyildi, insanlar elə hey keçidlə o yana-bu yana gedirdilər. Çox şirin bələdçi qızdan (yəqin ki, o, yay tətilində pul qazanan tələbələrdən idi) mələfə dəsti aldım, özümə yuxarı rəfdəki yerimdə yataq düzəltdim. Qatar düz saat 05.30-da yola düşdü. Yolçuluğun bir-iki saatında sərnişinlər aşağı yerlərdə oturdular, söhbət etdilər, qəzet oxudular və ya krossvord həll etdilər. Deyəsən, mən də nəsə yedim, vağzalda çörək və sosis almışdım, amma dəqiq xatırlamıram. Hər halda, saat 9-da ikiqat dozada sakitləşdirici dərman qəbul edərək, uzanıb yatdım.
Sonrakı hadisələr belə oldu: oyandım və gördüm ki, yuxardakı rəfdə yox, aşağıdakındayam. Səhər saat dörd idi və artıq hava işıqlaşırdı. Bir neçə saniyə tərpənməz şəkildə uzandım, fikrimi toplamağa çalışdım. Sonra yuxarı baxdım və gördüm ki, mənim yuxarıdakı yerimdə gənc bir adam var! Mən ondan nə baş verdiyini soruşanda cavab verdi: “Doğrudanmı xatırlamırsınız? Siz döşəməyə yıxıldınız”.
Mən özümü əlimlə yoxladım və gicgahımda və çiynimdə sıyrıqlar hiss etdim; sviterimdə qan ləkələri vardı. Mən metiryarımlıq hündürlükdən döşəməyə yıxılmışdım və başımın, boynumun ağrımasına təəccüblənməyin yeri yox idi. Görkəmim adam arasına çıxılmaz haldaydı: çirkli, darmadağın, tüklü üz – əsl səfil-sərgərdanlar kimi.
Dəhlizdən təmiz hava axını duyuldu və özümü yaxşı hiss etdim: qatar artıq Leninqrada yaxınlaşırdı. Aşağıdakı oturacaqda oturdum və ətrafa göz gəzdirdim. Qonşu bölmədə bir neçə qazaxıstanlı tələbə qız vardı – gözəl, uzun ayaqlı, şən və ünsiyyətcil qızlar idi. Onlardan biri nəsə dedi, mən söhbətə girişməyə cəhd elədim, ancaq ağzımı yenicə açmışdım ki, qız geri atıldı və dərindən nəfəs aldı: “Bizi rahat buraxın, yoxsa qışqıracam”.
Bu yerdə nə qədər qorxunc göründüyümü anladım. Əşyalarımı toplayaraq qalxdım və dəhlizlə bələdçilərin kupesinə getdim. Bələdçi qız mənim haqqımda milisə xəbər verə və ya xəstəxanaya göndərə bilərdi. Ona görə də ona 5 rubl verdim və sakitcə dedim: “Kömək üçün sağ ol”. O vaxtlar bu yaxşı bəxşişdi, onun gözləyə biləcəyindən on qat çox idi. Qız mənə tənəli baxış ataraq, pulu götürdü, mən isə tambura çıxdım və yolun bütün qalan hissəsini orada durdum.
Qatar dayanar-dayanmaz platformaya tullandım və kütləyə qarışdım. Heyrətamiz dərəcə gözəl və erkən səhərin işığında tərtəmiz görünən böyük vağzalyanı meydan, demək olar ki, boş idi. Taksi dayanacağında böyük növbə düzülmüşdü, ancaq bir qədər kənarda bir neçə özəl maşın sərnişin gözləyirdi; o sürücülərdən birinə yaxınlaşdım və Finlandiya vağzalına neçəyə aparacağını soruşdum.
O, 10 rubl istədi. Bu, inanılmaz dərəcədə yüksək məbləğ idi, Moskvadan Leninqrada qədər yolpulu daha az tuturdu, ancaq mən çənə-boğaz etmədim.
Finlandiya vağzalına saat 5:45-də çatdım və öyrəndim ki, sərhəd tərəfə ilk qatar 20 dəqiqədən sonra yola düşür. Hər şey uğurlu alınmışdı. Doqquzun yarısında mən artıq Leninqraddan 90 kilometr şimal-qərbdə yerləşən Zelenoqorskdaydım. İfrat ehtiyat tədbirləri görmək həyəcanıyla mənim dərrakəm korşalmışdı, ona görə də burada öz çoxsaylı səhvlərimdən birini buraxdım.
Britaniyalı agentlə sərhəddən bir neçə kilometr aralıdakı şosse yolunun yaxınlığında görüşməliydim. Ən ağıllı variant qatarla sərhəddə yerləşən Vıborqa getmək və oradan şərtləşilmiş yerə avtobusla və ya piyada qayıtmaq idi. Mən belə hərəkət etsəydim, şossedə peyda olmağım şübhə doğurmazdı: bu halda mənim yolum sərhədə doğru yox, sərhəddən geriyə olardı. Ancaq son anda nəsə bir şey məni başqa marşrut seçməyə sövq etdi: Vıborqa gedən yolun yarısında olan Terioki şəhərinə avtobusla getmək, orada başqa avtobusa minmək. Stansiyada bufet açıq idi və mən bir tikə qızardılmış toyuq yedim, bir stəkan çay içdim. Bu şənbə səhərində stansiyada köhnə-kürüş paltarlı adam çox idi, bu üzdən mən kütlədən fərqlənmirdim.
Öz sadə səhər yeməyimi yeyərkən, əməliyyatın Britaniyaya məxsus hissəsinin rəvan gedəcəyinə dair ümid məni tərk etmirdi. Şərtləşilmiş yerdə, meşədəki böyük qayanın yanında məni qarşılayacaq və maşının baqajında sərhəddən keçirərək Finlandiyaya aparacaqlar. Əməliyyatın uğuru sürücüdən asılıydı. O, DTK-nın təqibindən qurtulmalıydı, görüş yerinə vaxtında çatmalıydı.
Əgər Moskvadan çıxmağım üçün nə qədər uğursuz vaxt seçmiş olduğumu bilsəydim, mən daha bərk həyəcanlanardım. Qaçışım Britaniyanın yeni səfirinin Moskvaya gəlişi ilə eyni vaxta düşmüşdü, bu isə vəziyyəti ciddi şəkildə qəlizləşdiridi. Mənim eksfiltrasiyama icazə Londondan, Xarici İşlər Nazirliyindən alınmalıydı. Həmin dönəmin xarici işlər naziri Ceffri Hau 1994-cü ildə dərc etdirdiyi “Loyallıq münaqişəsi” adlı memuarında yazır ki, son anda, iyulun 20-də, şənbə günü “iki yüksək mənsəbli məmur” (biri XİN-in, digəri məxfi kəşfiyyat xidmətinin əməkdaşı) XİN-in rəsmi iqamətgahında, Çeveninqdə ona müraciət ediblər və o, baş nazir Marqaret Tetçer tərəfindən bəyənilmiş “planın gerçəkləşdirilməsi üçün sərəncam verib”.
Həftənin dördüncü günü Böyük Britaniyanın yeni səfiri, ser Brayan Kartlec Moskvaya gəlib, beşinci gün isə səfirlikdə böyük axşam qəbulunda vəzifəsinin icrasına başlamasını qeyd edib. Qonaqların bir çoxu DTK izləməsinin obyekti olub. Səfirliyin ərazisində paltarlarını dəyişmiş agentlər qaynaşırmış. Sonradan DTK xarici mətbuata bildirmişdi ki, qəbul zamanı qaçılmaz qarmaqarışıqlıq adı altında mən gizli şəkildə səfirliyə keçirilmişəm və oradan çıxarılmışam. Əslində isə, artıq dediyim kimi, mən səfirliyə yaxın da getməmişdim, hələ qəbulun başlanmasından öncə qatara oturmuşdum.
Fəqət həmin şənbə səhəri mən Teriokidə bütün bunları bilmirdim və mənim düşüncələrim irəlidəki görüşə cəmlənmişdi. Avtobus stansiyasında mənə lazım olan reysin ən uzaq dayanacağına bilet aldım. Məndə olan xəritəyə görə, həmin dayanacaq görüş yerinin yaxınlığındaydı.
Beləcə, yenidən, bu dəfə Vıborqa gedən avtobusa mindim. Mənim üçün əsas təhlükə qaynağı otuz yaşda olan, əməllicə içki içmiş, söhbət üçün alışıb-yanan iki kişiydi. “Siz hardansınız?, – onlar tamamilə xoşməramlı halda, dilləri dolaşa-dolaşa soruşdular, – Hara gedirsiniz?” Xəritədə adını oxuduğum kənddəki dostumu ziyarət etdiyimi deməli oldum. Qarşı gələn zolaqda tələbələrlə dolu avtobusu görəndə dirçəldim, cavanların gənclər festivalına yollandıqları bariz idi. Demək, sərhədçilərin işi başlarından aşır. Yolda rastıma çıxan silahlı əsgərlərl’ dolu transportyorlar və özüyeriyən toplar hardasa, bu yaxınlıqda böyük hərbi hissənin dislokasiya etdiyinə dair qənaət yaradırdı.
İçkili kişilər tezliklə öz dayanacaqlarında avtobusdan düşdülər, onların ardınca tədricən bütün yol yoldaşlarım da endi. Axırda avtobusun salonunda tək qaldım və qəfildən təlimatdakı təsvirə uyğun olaraq ətrafı tanımağa başladım. Biz yolayrıcına çatdıq: buradan o yana şosse meşənin içiylə birbaşa şimala gedirdi, yan yol isə kəskin şəkildə sağa burulurdu. Bura mənə lazım olan yerə oxşayırdı. Avtobus dayananda, mən burada enib-enməmək barədə tərəddüd edirdim. Ancaq avtobus yerindən tərpənən kimi yadıma düşdü və avtobusdan düşmək qərarına gələrək, oturacaqların arasıyla sürücünün yanına qaçdım və qışqırdım: “Bağışlayın, özümü pis hiss edirəm. İcazə verin, düşüm!”
(Ardı var)