ABŞ-da “Southwest Airlines” aviaşirkətinə məxsus Neşvil–Fort Loderdeyl reysini yerinə yetirən sərnişin təyyarəsi göyərtədə yaranan təhlükəsizlik şübhəsi səbəbindən Atlanta hava limanına təcili eniş edib.
KONKRET.az xəbər verir ki, hadisəyə səbəb müsəlman sərnişinin mobil telefonunda namaz vaxtını xatırladan azan səsinin səslənməsi olub. Sərnişinlərdən bəziləri bu səsi təhlükə siqnalı kimi qiymətləndirərək ekipaja məlumat veriblər. Bunun ardından pilot ehtiyat tədbiri olaraq təyyarəni Atlanta şəhərindəki Hartsfield-Jackson Beynəlxalq Hava Limanına yönləndirib.
Təyyarə eniş etdikdən sonra silahlı təhlükəsizlik əməkdaşları göyərtəyə daxil olaraq həmin sərnişini yoxlama üçün təyyarədən endiriblər. Federal Təhqiqat Bürosu (FTB) və yerli hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində heç bir təhlükəsizlik riskinin olmadığı müəyyən edilib və sərnişinə qarşı hər hansı ittiham irəli sürülməyib.
“Southwest Airlines” yaydığı açıqlamada insidentin sərnişinin davranışının yanlış anlaşılmasından qaynaqlandığını bildirib və yaranan narahatlığa görə sərnişinlərdən üzr istəyib.
Günay Əli
KONKRET.az
