Azərbaycan dini etiqad azadlığının təmin olunduğu, dinlərarası harmoniyanın qorunduğu, müxtəlif dini inanclara hörmət və ehtiramla yanaşıldığı azsaylı ölkələrdəndir. Dünyəvi dövlət olaraq ölkəmiz bütün dinlərə bərabər münasibət bəsləməklə, vətəndaşlarının dini inanclarına böyük hörmətlə yanaşır. Ölkəmizdə dövlət-din münasibətlərinin əsasını dini ayrı-seçkiliyə yol verilməməsi, etiqad azadlığının qorunması və müxtəlif konfessiyaların dinc yanaşı yaşaması prinsipləri təşkil edir. Bu isə bir xalq olaraq bizim mənəvi sərvətimizdir.
Prezident İlham Əliyevin də xüsusi vurğuladığı kimi, dini və milli müxtəlifliyə hörmət, qarşılıqlı anlaşma və tolerantlıq Azərbaycan cəmiyyətinin ayrılmaz xüsusiyyəti, xalqımızın əsrlər boyu formalaşmış həyat tərzidir.
Ölkəmizdə dini mənsubiyyətindən asılı olmayaraq, bütün dinlərə və konfessiyalara məxsus ibadət ocaqlarının təmiri, bərpası və yeni ibadət yerlərinin inşasına daim xüsusi diqqət yetirilir. O cümlədən Qarabağ və Şərqi Zəngəzurda məscidlərin inşası, həmçinin işğal dövründə ermənilər tərəfindən viran qoyulmuş, hətta heyvanların saxlanc yerinə çevrilmiş məscidlərin bərpası dövlətin mənəvi dəyərlərə verdiyi önəmin yüksək ifadəsidir. Bu gün şəhidlərimizin canı və qanı bahasına işğaldan azad edilmiş Vətən torpaqlarında dalğalanan müqəddəs üçrəngli Azərbaycan bayrağının yaşıl rəngi xalqımızın İslam dininə bağlılığını, milli-mənəvi dəyərlərimizə sədaqətini nümayiş etdirir.
Müqəddəs dini bayramlarda məscidlərimizdə vəhdət ruhunda qılınan bayram namazları cəmiyyətimizdə həmrəyliyin, birlik və bərabərliyin təcəssümü olmaqla yanaşı, xalqımızın milli-mənəvi dəyərlərə bağlılığının da bariz nümunəsidir.
Azərbaycan hətta öz xristianlıq irsinə də sahib çıxaraq, qədim Alban məbədlərinin ermənilər tərəfindən mənimsənilməsi cəhdlərinin qarşısının alınması istiqamətində həm siyasi, həm də elmi müstəvidə ardıcıl fəaliyyət göstərir. Bu isə ölkəmizin yalnız İslam deyil, müxtəlif dini və mədəni irs nümunələrinin qorunmasına da böyük önəm verdiyini nümayiş etdirir.
Ümumilikdə isə bu yanaşma dövlətimiz tərəfindən dini müxtəlifliyə və etiqad azadlığına göstərilən hörmətin bariz nümunəsidir. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda müxtəlif dinlərin nümayəndələri öz dini ayin və mərasimlərini sərbəst şəkildə icra etmək imkanına malikdirlər.
Təəssüf ki, son günlər bəzi yerli və xarici siyasi qüvvələr Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi və “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında qərarları məqsədyönlü şəkildə manipulyasiya edərək, onu dini etiqad azadlığının məhdudlaşdırılması və dini inanclara qarşı yönəlmiş addım kimi təqdim etməklə ölkədə mövcud ictimai-siyasi sabitliyi pozmağa, cəmiyyətdə süni gərginlik yaratmağa çalışırlar.
Halbuki, bu Qərarların əsas mahiyyəti sosial dövlət modelinin təhsildə təzahür forması kimi şagirdlər arasında sosial bərabərliyə xidmət etməklə maddi vəziyyətdən və dini mənsubiyyətdən asılı olmayaraq, ayrı-seçkiliyə yol verilməsinin, fərqliliyin ön plana çəkilməsinin qarşısını almaqdır. Bu səbəbdən, təhsil müəssisələrinin daxili nizam-intizam və məktəbli forması qaydaları heç bir halda təhsil hüquqlarının məhdudlaşdırılması halları kimi qiymətləndirilməməlidir.
44 günlük Vətən Müharibəsini birlik və bərabərlik ruhunda Zəfər qazanan müzəffər xalq olaraq, bu gün də milli və dövlətçilik maraqlarımız naminə bütün dini-siyasi ideoloji təhdidlərə rəğmən elm-təhsil məbədimiz olan məktəblərdə qəbul edilmiş nizam-intizam qaydalarına hörmətlə yanaşmalı, bu qaydaların mahiyyətini düzgün anlamalı və onların tətbiqini anlayışla qarşılamalıyıq. Çünki təhsil yalnız cəmiyyətin intellektual inkişafını təmin edən sahə deyil, həm də dövlətin milli təhlükəsizliyinin qorunmasında mühüm strateji əhəmiyyətə malikdir. Bu mənada, hər birimiz bir vətəndaş olaraq çox təmkinli və məsuliyyətli davranmalıyıq.
Coşqun MƏMMƏDOV,AMEA Rəyasət Heyətinin elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru
