ABŞ prezidenti Donald Tramp ətrafında yenidən qalmaqal qopur. Bu dəfə məsələnin mərkəzində məşhur milyarder və seksual cinayətlərdə ittiham olunan Ceffri Epşteynin işi dayanır.
KONKRET.az xəbər verir ki, 2019-cu ildə müəmmalı şəkildə həbsxanada intihar edən Epşteynin öz arxasında guya tanınmış şəxslərin adlarının yer aldığı sənədlər qoyduğu iddia olunur.
Tramp prezidentliyə namizədlik kampaniyası zamanı bu siyahını açıqlayacağını vəd etmişdi. Onun tərəfdarları — konservativ dəyərlərə bağlı “MAGA” hərəkatı — Trampı “dərin dövlət”ə qarşı savaşan xilaskar kimi görürdü. Lakin indi həmin elektorat arasında Trampın özünün də bu sistemin bir hissəsi olduğu barədə şübhələr güclənir.
Epşteynin adının Trampın həyatında iki dəfə çəkildiyi bildirilir, lakin Tramp bu məsələyə dair sənədləri hələ də açıqlamayıb. Onun “mümkün günahsız şəxslərin zərər görə biləcəyi” bəhanəsi isə nə tərəfdarlarını, nə də ictimaiyyəti inandıra bilir. Sosial mediada və Konqresdə artıq ciddi təzyiqlər formalaşmağa başlayıb.
Respublikaçı konqresmenlər və hətta Trampa sadiq olan Marjori Teylor Qrin də bu məsələ ilə bağlı hökumət orqanlarını hesabat verməyə çağırıb. Demokrat senatorlar isə fürsətdən istifadə edərək Trampı küncə sıxışdırmağa çalışır. Onlar da sənədlərin açıqlanmasını tələb edir. Hətta Elon Musk belə bu məsələdə Trampı ittiham edib:
“Əgər sən həqiqətən Epşteynin siyahısını açıqlamayacaqdınsa, niyə əvvəlcədən söz verdin?”
Bu qalmaqal qarşıdan gələn 2026-cı il ara seçkilərində Trampın reytinqinə ciddi zərbə vura bilər. Siyasi strateq Stiv Bannon-un fikrincə, əgər MAGA hərəkatının cəmi 10%-i Trampdan üz çevirsə, bu, Respublikaçılar üçün Konqresin hər iki palatasının itirilməsi ilə nəticələnə bilər.
Nəticə etibarilə, Tramp bir vaxtlar yaratdığı “dərin dövlətə qarşı mübarizə” narrativinin içində özü boğulmaq üzrədir. O, ya vəd etdiyi sənədləri açıqlamalı, ya da bu işin günahını başqasının — məsələn, baş prokurorun — boynuna qoymalı olacaq.
Qəribə səslənsə də, ABŞ ictimaiyyəti üçün bu seksual xarakterli qalmaqal, Ukrayna müharibəsindən daha çox maraq doğurur. Və görünür, Ağ Ev üçün də artıq diqqət Ukraynadan çox Epşteyn dosyesinə yönəlməyə başlayır…
Natiq Səlim,
KONKRET.az