Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın görüş məkanı kimi Budapeştin seçilməsi beynəlxalq səviyyədə diqqət çəkib. Bəs, Putin Tramlpa göüş yeri kimi Budapeşti seçməklə hansı diplomatik mesajı vermək istəyib?
Siyasi şərhçi İlyas Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, bu qərar təsadüfi deyil və mühüm diplomatik məna daşıyır.
“Budapeştin görüş məkanı kimi çıxış etməsi kifayət qədər ciddi məqamdır. Hər iki dövlətin diplomatik qaydalara görə razılığı və etimadı bu məsələdə həlledici rol oynamışdır. Həm Putin, həm də Tramp Macarıstana və onun rəhbərinə böyük hörmətlə yanaşır,” – deyə ekspert vurğulayıb.
İlyas Hüseynovun sözlərinə görə, bu görüş təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də Rus–Ukrayna müharibəsinin həlli və Avropada sülhün, təhlükəsizliyin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir:
“Viktor Orban təcrübəli siyasətçidir. Onun sülh təşəbbüsləri əvvəllər də diqqət mərkəzində olub. Həm Moskvaya, həm də Kiyevə səfər etmiş, vasitəçilik imkanlarını təklif etmişdi. O dövrdə istənilən nəticə əldə olunmasa da, indiki sülh masasının təşkili olduqca önəmlidir.”
Siyasi şərhçi əlavə edib ki, Budapeştdə keçiriləcək danışıqlar uğurlu nəticə verərsə, bu, həm Macarıstanın beynəlxalq nüfuzunu artıracaq, həm də Viktor Orbanın dünya siyasətində vasitəçi rolunu möhkəmləndirəcək:
“Putin və Trampın burada konstruktiv danışıqlar aparması mühüm hadisədir. Bu görüş sülhə, təhlükəsizlik sisteminə və yeni diplomatik balansın formalaşmasına xidmət edə bilər,” – deyə İlyas Hüseynov qeyd edib.
Aynurə İsmayıl
KONKRET.az