Tramp Ukrayna prezidenti Volodimir Zelenskini “şoumen” adlandırıb. Onun prezident postundan getməsini açıq tələb edib. Demək olar ki, ABŞ və Rusiya danışıqlar prosesində Zeleskini problem kimi görür. Hər iki prezidentin Ukrayna liderinə qarşı mövqeyi üst-üstə düşür. Zeleski ölkəsinin və xalqının milli maraqlarını cəsarətlə müdafiə edir və güzəştə getmir. Zelenskinin 500 milyard dollarlıq mineral ehtiyatlarla bağlı müqavilədən imtina etməsi, Tramp tərəfindən onun danışıqlar prosesində yer almaması ilə nəticələndi. Moskva da Zelenskinin getməsi fonunda Ukrayna ilə danışıqlara başlayacağını qeyd edib. Bu təklif Tramp tərəfindən qəbul olunub.
Mövzunu “KONKRET.az“a şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, baş verən proseslərlə bağlı Trampın daxili-siyasi təzyiqlərlə üzləşməsi mümkündür:
“Ukrayna məsələsində güzəştlər Vaşinqtonun beynəlxalq imicinə mənfi zərbə vuracaq. Avropa ilə siyasi münasibətlər sistemində tektonik dəyişikliklərin baş verməsi Vaşinqtonun xarici siyasətinin iflasa uğraması ilə nəticələnəcək. Nəticədə Avropa öz ordusunu qurduqdan sonra, ABŞ-a ehtiyacı olmayacaq. Tramp Rusiya ilə Çini ayıracağını düşünür. Amma baş verənlər Çin-Avropa yaxınlaşmasına gətirib çıxaracaq. Ümumiyyətlə, Çin Rusiya və ABŞ sövdələşməsini özünə qarşı görür. Ona görə də Çin ötən gün Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması barədə bəyanat verdi. Bu, açıq şəkildə Pekinin növbəti mərhələdə Ukraynanın yanında olması deməkdir. Trampın hazırkı siyasəti Ukrayna müharibəsinin bitməsinə gətirib çıxarmayacaq. Yeni dünya siyasi nizamında Avropa hərbiləşəcək, təhlükəsizliyini özü təmin edəcək. Bu da NATO fiaskosu deməkdir. Avropa İttifaqı öz təhlükəsizliyində Türkiyə ilə kordinasiyalı şəkildə fəaliyyət göstərəcək”.
Politoloq əlavə edib ki, artıq Avropa dövlətləri və Türkiyə Ukraynanı müdafiə edəcək:
“Avropa ölkələri, Türkiyə və Çin Ukraynanı müdafiə edəcəksə, ABŞ-Rusiya sövdələşməsi baş tutmayacaq. Amma ABŞ Zeleskini aradan götürə bilər. Artıq Zelenskiyə şoumen deyilirsə, Kremlin sevimli kəlməsi olan “nasist” epiteti də yapışdırıla bilər. Məhz Donald Trampın Rusiyanın ABŞ-la birgə nasizmə qarşı İkinci Dünya Müharibəsində savaşdığını deməsi təsadüfi sayılmır. ABŞ-ın dövlət və geopolitik maraqları Rusiyaya güzəştə getməməyi tələb edir. Amma Trampın həyata keçirdiyi siyasət mövcud siyasi sistemi dağıdır. ABŞ prezidentinin yeni dünya siyasi nizamı qurması cəhdi Ukrayna siyasətindən asılı olacaq”.
Müşviq Tofiqoğlu
KONKRET.az