ABŞ prezidenti Donald Tramp ayaqlarında “yüngül şişlik” və qolundakı göyərmələr səbəbindən tibbi müayinədən keçib. Prezident ultrasəs və qan damarlarının diaqnostik tədqiqatını da əhatə edən hərtərəfli müayinədən sonra xroniki venoz çatışmazlıq diaqnozu alıb. Bu barədə ABŞ mediası məlumat yayıb.
Bəs, xroniki venoz çatışmazlığın ağırlaşması nəyə səbəb ola bilər və bu hallar Tramp üçün risk doğururmu?
Mövzu ilə bağlı terapevt Rasif Bağırov KONKRET.az-a açıqlama verib.
Rasif Bağırov
Onun sözlərinə görə, bu xəstəlik əsasən qadınlarda rast gəlinir və kişilərdə nadir hallarda müşahidə olunur:
“Trampda bu problemin yaranması onun yaşının çox olması, damar divarlarının elastikliyinin azalması, çox oturaq və ya ayaqüstü vəziyyətdə qalması ilə bağlı ola bilər.”
Həkim bildirib ki, venoz çatışmazlığın ağırlaşması ayaqlarda ağrı, şişkinlik, hərəkət məhdudiyyəti və nadir hallarda tromb yaranması ilə nəticələnir:
“Bəzən tromb yaranır və bu tromb qan axını ilə ağciyər kimi həyati orqanlara çataraq ciddi fəsad törədir. Lakin bu hallar təsadüfi baş verir və risk hər zaman yüksək deyil.”
Rasif Bağırovun sözlərinə görə, vaxtında tədbir görüldükdə bu problem həyat üçün təhlükə yaratmır:
“Dərman müalicəsi, elastik corabların istifadəsi və həyat tərzi dəyişiklikləri ilə bu proses nəzarətdə saxlana bilər. Ona görə də bu xəstəlik ciddi təhlükə hesab edilmir.”
Aynurə İsmayıl
KONKRET.az