Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın Bakıda həbsdə olan separatçı Ruben Vardanyanla bağlı təklifini rədd edib. Maraqlıdır, Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın təklifini rədd etməsi Ermənistan–Azərbaycan sülh prosesi üçün hansı siqnallar verir?
Mövzunu KONKRET.az-a şərh edən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Paşinyanın bu addımı gözlənilən idi və Ermənistan–Azərbaycan sülh prosesi baxımından düzgün qərardır:
“Paşinyan sülh sazişinin imzalanmasında maraqlı görünür. Vardanyan hazırda Bakıda məhkəmə qarşısındadır və layiqli cəzasını çəkir. Paşinyan belə bir təklifi qəbul etsəydi, bu, sülh prosesinə ciddi zərbə olardı. Ona görə də bu qərarla o, növbəti dəfə uğurlu addım atdı”.
Ekspert qeyd edib ki, Ruben Vardanyan Kremlin Ermənistanda hakimiyyətə gətirmək istədiyi milyarderlərdən biri idi, lakin Paşinyan buna imkan vermədi:
“Vardanyan artıq unudulmaq üzrədir. Qısa zamanda hökm oxunacaq və o, Azərbaycan Prezidentinə əfv üçün müraciət edəcək. Çünki Xankəndində oynadığı oyunun fərqindədir. Onun üçün yeganə çıxış yolu əfv diləməkdir”.
Şərhçinin sözlərinə görə, Paşinyan Dubaydakı son görüşdən sonra sülh sazişinə maraqlı olduğunu bir daha nümayiş etdirib:
“Vardanyan Rusiya tərəfindən qurulan oyunun qurbanıdır. Yəqin ki, azadlığa buraxıldıqdan sonra biznes fəaliyyəti ilə məşğul olacaq. Siyasət isə onun işi deyil”.
Müşviq Tofiqoğlu
KONKRET.az