Türkmənistandan idxal edilən pomidor məhsulundan nümunələr götürülərək müayinələr aparılıb.
Nümunələrin laborator müayinəsi nəticəsində pomidorlarda qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkarlanıb. Buna görə də, Türkmənistandan pomidor idxalına müvəqqəti qadağa qoyulub.
Maraqlıdır, bu qərar daxili bazara necə təsir edəcək?
Mövzu ilə bağlı Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov KONKRET.az-a açıqlamasında bildirib ki, son 2-3 il ərzində Türkmənistandan Azərbaycana pomidor idxalı 7-8 dəfə artıb.
“Statistikaya nəzər yetirdikdə görürük ki, idxal edilən pomidor məhsullarında, xüsusilə də Türkmənistandan gətirilənlərdə qonur qırışıqlıq virusu aşkarlanır. Bu virus bitkilərə yalnız bir mənbədən deyil, torpaqdan, kənd təsərrüfatı alətlərindən, hətta tozlandırıcı arılardan belə keçə bilər. Belə hallar təbii ki, narahatlıq doğurur. Lakin qeyd edilməlidir ki, qonur qırışıqlıq virusu insanlar üçün heç bir təhlükə törətmir”.
İqtisadçı qeyd edir ki, qonur qırışıqlıq virusu yalnız idxal məhsullarında deyil, yerli məhsullarda da müşahidə olunur.
“Məsələn, Türkiyədə bu cür halların qarşısını almaq üçün “İyi Tarım” (Yaxşı Kənd Təsərrüfatı) sistemləri tətbiq edilir. Dünyada isə “Global GAP” (Qabaqcıl Kənd Təsərrüfatı Praktikası) kimi beynəlxalq standartlar mövcuddur. Əgər bu virusdan narahatıqsa, belə qabaqcıl standartların ölkəmizdə də tətbiqi qanunvericilik səviyyəsində məcburi hala gətirilməlidir.
Türkmənistan məhsullarına ümumi bir qadağa qoyulmayıb. Yalnız həmin ölkədən pomidor idxal edən bəzi şirkətlərin məhsullarında problem aşkarlandığı üçün, həmin şirkətlərin pomidorlarına məhdudiyyət tətbiq olunub”.
Aynurə İsmayıl
KONKRET.az