Bu gün, avqustun 24-də Türkiyənin Konya vilayətində yerləşən Səlcuq Universitetində Türk Akademiyasının təşkilatçılığı ilə VIII Ənənəvi Yay Məktəbi öz işinə başlayıb. Tədbir türk dünyası başda olmaqla müxtəlif ölkələrdən gələn gənc tədqiqatçıları bir araya gətirib.
KONKRET.az xəbər verir ki, Yay Məktəbi Beynəlxalq Türk Akademiyası, Türkiyə Elmlər Akademiyası (TÜBA) və Səlcuq Universitetinin əməkdaşlığı, həmçinin Konyanın yerli hakimiyyət orqanları və şəhər bələdiyyələrinin dəstəyi ilə həyata keçirilir.
Açılış mərasimində TÜBA-nın prezidenti Muzaffər Şəkər, Türk Akademiyasının vitse-prezidenti Bülent Bayram və Səlcuq Universitetinin prorektoru Zəki Bayramoğlu iştirak ediblər. Türk Akademiyası tərəfindən illərdir elmi əməkdaşlıq edilən türk dünyasının qabaqcıl alim və mütəxəssisləri mühazirəçi qismində dəvət olunub. Onlar bir həftə ərzində iştirakçılara öz təcrübə və biliklərini ötürəcəklər.
Bu il Yay Məktəbində 13 ölkə və bölgədən — Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, Monqolustan, Rusiya, Şimali Makedoniya və Tatarıstandan (Rusiya Federasiyası) gələn 30-dan çox gənc tədqiqatçı iştirak edir. Onlar bir həftə ərzində peşəkar biliklərinin artırılmasına və elmi əlaqələrin inkişafına yönəlmiş mühazirələrdə, müzakirələrdə və digər akademik tədbirlərdə qatılacaqlar.
Səlcuq Universitetinin prorektoru Zəki Bayramoğlu qeyd edib ki, belə mühüm beynəlxalq elmi görüşə ev sahibliyi etmək universitet üçün böyük şərəf və qürurdur. O, bu yay məktəbinin müxtəlif ölkələrdən gələn gənc tədqiqatçıları birləşdirərək bilik və təcrübə mübadiləsi üçün məkan yaratdığını vurğulayıb: “Biz əminik ki, burada formalaşan elmi əlaqələr gələcəkdə türk dünyasında birgə tədqiqatlara və miqyaslı elmi layihələrə çevrilə bilər”.
VIII Yay Məktəbinin proqramı türk dünyasının tarixi və mədəni coğrafiyası, türk dili və ədəbiyyatı, sivilizasiya irsi, incəsənət tarixi, memarlıq, eləcə də ənənəvi incəsənət növlərini əhatə edir.
Tədbir müxtəlif ölkələrdən gələn gənc tədqiqatçılar və aparıcı alimlər arasında peşəkar dialoq meydançası olacaq. Bir həftə ərzində iştirakçılar seçilmiş elmi istiqamətlər üzrə biliklərini artırmaqla yanaşı, türk dünyasının elmi əməkdaşlığı çərçivəsində yeni akademik əlaqələrin, birgə tədqiqatların və gələcək layihələrin əsasını qoya biləcəklər.

