Türkiyə pilotsuz texnologiyalar sahəsində təcrübəsinə arxalanaraq altıncı nəsil döyüş təyyarəsinin hazırlanmasını sürətləndirmək niyyətindədir.
KONKRET.az xəbər verir ki, bunu “A Haber” telekanalına müsahibəsində ölkənin Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün deyib.
“Biz tez bir zamanda altıncı nəsil döyüş təyyarəsinə keçmək niyyətindəyik. Pilotsuz sistemlərdəki liderliyimiz sayəsində Türkiyə pilotlu və pilotsuz texnologiyaları yeni nəsil döyüş təyyarələrinə sürətlə inteqrasiya edə biləcək”, – o vurğulayıb.
Görgünün sözlərinə görə, beşinci nəsil “KAAN Blok-10” döyüş təyyarələrinin tədarükü 2028-ci ilin sonlarına planlaşdırılır.
O, həmçinin bildirib ki, Türkiyənin SİPER hava hücumundan müdafiə sistemləri xarici analoqlarla müqayisə edilə bilən xüsusiyyətlərə malikdir.
Onun sözlərinə görə, Türkiyənin müdafiə sənayesində 95 mindən çox insan çalışır. 2023-cü ildə əsas istiqamətlər Avropa ölkələri və NATO olmaqla, məhsul ixracı 7,1 milyard dollar təşkil edib.
Türkiyə müdafiə ixracatçıları arasında dünyada 11-ci yerdədir. Ölkə hakimiyyəti ilk onluğa daxil olmağı gözləyir və qeyd edir ki, onlar qlobal dron bazarının 65%-nə nəzarət edirlər.
Müşviq Tofiqoğlu
KONKRET.az