“Məlum olduğu kimi, 2024-2026-cı illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə Azərbaycan sədrlik edir. Cari ilin oktyabrın 15-də Bakıda Qurumun sammiti keçirilib. Bu sammit çərçivəsində qəbul edilmiş qərara əsasən Azərbaycanın sədrlik müddəti daha iki il olaraq uzadıldı. Bu da Azərbaycanın uğurlu sədrlik etməsinin məntiqi nəticəsidir. Yeri gəlmişkən, Qoşulmama Hərəkatına münasibətdə də bizə eyni cür yanaşılmışdı. Bu, Azərbaycanın yüksək təşkilatçılıq potensialının göstəricisidir. Azərbaycana olan etimadın ifadəsidir. Tədbirdə Bakı Bəyannaməsi də qəbul edildi. Üzv ölkələrin sayı isə 28-dən 29-a yüksəldi. Laos Xalq Demokratik Respublikası da Təşkilata üzv qəbul edildi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin də bu tədbirdə geniş nitqi söylənildi və nitqində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, Azərbaycanın sədrlik müddətində atdığı addımlar vurğulandı. Xüsusilə də cənab Prezident diqqəti ona cəlb etdi ki, biz hər zaman xarici siyasətimizdə bərbarbərhüquqluluk və ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə hörmətlə yanaşmışıq və eyni yanaşmanı özümüzə münasibətdə də gözləyirik. Elə məhz bu konteksdən yanaşdıqda xüsusilə son günlər Azərbaycan-Türkiyə münasibətlərində hiss olunan xoşagəlməz proseslər diqqətdən yayınmır”.
KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.
Deputatın sözlərinə görə, xüsusilə də dövlət təhsil müəssisələrində vahid geyimin tətbiqi ilə bağlı məsələyə münasibətdə Türkiyə tərəfindən gələn anlaşılmaz yanaşmalar təəccüb və təəssüf doğurur: “Azərbaycanın İstanbuldakı Konsulluğu və Ankaradakı səfirliyi qarşısında təşkil edilən mitinqlər təəssüf hissi yaradır və bu əslində Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir. İkitərəfli münasibətlərimizin siyasi ideoloji əsasını ilk növbədə ulu öndər Heydər Əliyevin “Bir millət iki dövlət” konsepsiyası təşkil edib. Biz bir millət olsaq da iki müstəqil dövlətik.
Bu baxımdan müstəqil dövlətlər də bir-birinin daxili işlərinə qarışmamalıdırlar, hörmətlə yanaşmalıdırlar. Amma təəssüf ki, son zamanlar Türkiyə cəmiyyətinin müəyyən kəsimində və hətta ölkə Prezidentinin baş müşaviri Oktay Saralın timsalında hakim Ədalət və İnkişaf Pastiyasının deputatları səviyyəsində Azərbaycanın daxili işlərinə qarışmaq, ölkəmizdə baş verən hadisə və proseslərə adekvat olmayan reaksiya vermək cəhdləri müşahidə olunur. Bu da təəccüb doğurur və qəbuledilməzdir. Bu tədbirə Türkiyə Prezidenti cənab Ərdoğanın gəlməməsi məsələsinin cavabını mən dəqiq bilmirəm, amma Türkiyənin xarici işlər naziri gəlib, iştirak edir və o eyni zamanda mövcud ikitərəfli münasibətlərimizdə yaşanan son hadisələrə də qiymət verib. Onun mövqeyinə görə, biz dost, qardaş, müttəfiqlərik. Müəyyən anlaşılmaz məqamlar da gəlib keçəcək. Həmişə bu dostluğu, qardaşlığı möhkəmləndirmək lazımdır. Həllini gözləyən məsələlərlə bağlı anlaşma mümkündür kimi ifadələr də işlədib. Amma istənilən halda bu tədbirdə bizə dost, qardaş dövlətlər öz liderləri səviyyəsində təmsil olunurdu deyə biz çox istərdik ki, qardaş dövlətin Prezidenti cənab Ərdoğan da bu tədbirə qatılardı, ancaq qərarı onlar qəbul edirlər”.
Millət vəkili vurğulayıb ki, Azərbaycan Türkiyə dostluğu, qardaşlığı əbədidir və bu tarixin sınaqlarından çıxmış dostluqdur: “Hesab edirəm ki, Türkiyə siyasi rəhbərliyi də bu gərginliyin yaranmasında məsuliyyət daşıyan şəxslərlə, müəyyən icmalarla bağlı ölçülər götürəcək və ikmitərəfli münasibətlərin hər zaman yüksək səviyyədə qalmasını təmin edəcəklər. Çünki bunun əksi həm Azərbaycan həm də Türkiyənin maraqlarına dövlət və millət olaraq ziddir. Heç zaman imkan vermək lazım deyil ki, üçüncü qüvvələr iki qardaş dövlət arasına nifaq salsın. Buna qətiyyən imkan vermək olmaz. Nəzərə alsaq ki, belə qüvvələr var və hər zaman istəkləri də budur ki, iki qardaş dövlətin müttəfiqliyini pozsun, onlar arasında münasibətlərin gərgin olmasına şərait yaratsın. Ən azı onu söyləyim ki, Azərbaycan dövləti hər zaman bu müttəqfiqlik münasibətlərin yüksək səviyyədə qalmasında maraqlıdır, həmin siyasəti həyata keçirir. Ümid bəsləyirik ki, qarşı tərəf yaranmış anlaşılmazlığın aradan qaldırılması istiqamətində təcili təxirəsalınmaz tədbirlər görəcəkdir”.
