Türkiyənin şərqində yerləşən İğdır vilayətində ailə topluluğu liderləri (aşiret) gənclərin evlənməsini asanlaşdırmaq məqsədilə mühüm qərara imza atıblar. Onlar uzun illərdir bölgədə ənənəvi şəkildə tələb olunan “başlıq pulu”nu ləğv etdiklərini açıqlayıblar.
KONKRET.az xəbər verir ki,onlar bir araya gələrək bu qərarı müzakirə ediblər və yekdilliklə razılığa gəliblər. Qərarın əsas məqsədi maddi səbəblərdən ailə qura bilməyən gənclərə dəstək olmaq, eləcə də ictimai ədaləti qorumaqdır.
Aşiret ağsaqqallarından biri mətbuata verdiyi açıqlamada bunları deyib:
“Gənclərimiz sevib evlənmək istəyir, amma yüksək başlıq pulları bu arzulara mane olur. Biz də bu problemi aradan qaldırmaq üçün ənənəni ləğv etməyi qərara aldıq. Ümid edirik ki, digər bölgələrə də nümunə olarıq.”
Sosial mediada geniş dəstək qazanan bu qərar bölgədə evlənmə yaşının yüksəlməsi və ailə qurmaqda çətinlik çəkən gənclərin sayının artması fonunda atılan mühüm sosial addım kimi qiymətləndirilir.
Qeyd edək ki, başlıq pulu ənənəsi bəzi bölgələrdə ailələr arasında sosial statusun göstəricisi kimi qəbul olunur və gənclərin həyatına ciddi təsir göstərir. İğdırda atılan bu addımın digər bölgələrdə də oxşar təşəbbüslərə yol açacağı gözlənilir.
Müşviq Tofiqoğlu,
KONKRET.az