Türkiyədə kibercinayətkarlığa qarşı keçirilən əməliyyatlar zamanı son 5 gündə 327 şübhəli saxlanılıb, onlardan 137-si həbs edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ankara, Antalya, İstanbul və İzmir də daxil olmaqla, 22 vilayətdə eyni vaxtda keçirilən əməliyyatlar nəticəsində 75 nəfər barəsində məhkəmə nəzarəti tədbiri seçilib.
İstintaq zamanı şübhəlilərin fişinq saytları və sosial media vasitəsilə vətəndaşları dələduzluq yolu ilə aldatdıqları, qanunsuz mərc və qumar oyunları təşkil etdikləri, pul köçürmələrinə vasitəçilik etdikləri, eləcə də vətəndaşların mobil bankçılıq və oyun hesablarına icazəsiz daxil olduqları müəyyən edilib.
Bundan başqa, süni intellekt dəstəkli monitorinq tədbirləri nəticəsində qanunsuz silah və narkotik vasitələrin satışı, mütəşəkkil cinayətkarlıq, fahişəlik və digər qanun pozuntuları ilə bağlı paylaşımlar edən hesablar aşkarlanıb.
