Polşa polisi Baş nazir Donald Tusk və müdafiə naziri Vladislav Kosinyak-Kamışa qarşı yönəlmiş mümkün sui-qəsd planı barədə məlumat əldə edib.
KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin sözçüsü Karolina Qaletska məlumat yayıb.
“Polisə Baş nazir Donald Tusk və milli müdafiə naziri Vladislav Kosinyak-Kamışa qarşı mümkün sui-qəsdlə bağlı məlumat daxil olub. Bununla əlaqədar daxili işlər naziri Marçin Kervinski və xüsusi xidmət orqanlarına nəzarət edən nazir Tomaş Semonyak zəruri tədbirlərin görülməsini tapşırıblar”, – deyə Qaletska yazıb.
O əlavə edib ki, Daxili İşlər Nazirliyinə tabe olan xüsusi xidmət orqanlarının iştirakı ilə iclas keçiriləcək.
Polşa hökumətinin sözçüsü Adam Şlapka bildirib ki, daxil olan xəbərdarlıq bu tipli əvvəlki məlumatlarla müqayisədə daha ciddi narahatlıq doğurur.
Şlapka təhlükəsizlik xidmətlərinin hazırda məlumatı yoxladıqlarını deyib.
İddia olunan sui-qəsdçi və ya mümkün həbslər barədə hələ ki heç bir məlumat yoxdur.
