Ukrayna əhalisi 28,5 milyon nəfərə düşüb – Müharibə demoqrafik böhranı dərinləşdirirbackend

Ukrayna əhalisi 28,5 milyon nəfərə düşüb – Müharibə demoqrafik böhranı dərinləşdirir

Ukraynanın əhalisi 28,5 milyon nəfərə qədər azalıb. Bu, daha əvvəl açıqlanan 29 milyon nəfərlik qiymətləndirmədən 500 min nəfər azdır.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun direktoru Ella Libanova məlumat verib.

Onun sözlərinə görə, əhalinin azalmasının əsas səbəbi insanların xarici ölkələrə köçməsidir.

Mövcud qiymətləndirmələrə görə, 2022-ci ilin əvvəlinə Ukraynanın əhalisi Rusiya işğalı altında olan ərazilər, o cümlədən Donetsk və Luqansk vilayətləri, eləcə də Krım nəzərə alınmaqla 42–43 milyon nəfər təşkil edib. Həmin ərazilər çıxılmaqla isə əhalinin sayı təxminən 41 milyon nəfər olub.

Ukraynalıların xaricə kütləvi köçü əsasən 2022-ci ilin ilk aylarında, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra baş verib. Yeni demoqrafik göstəricilər ölkə əhalisinin əhəmiyyətli dərəcədə azaldığını göstərir.

Əhalinin azalması Ukraynanın gələcək hərbi səfərbərlik imkanlarına necə təsir edə bilər?

Xaricə gedən ukraynalıları vətənə qaytarmaq mümkün olacaqmı? Haqqin.az bu suallarla ukraynalı ekspertlərə müraciət edib.

Kiyevdə fəaliyyət göstərən “Strategiya XXI” mərkəzinin analitiki və hərbi ekspert Pavlo Lakiçuk bildirib ki, ölkənin səfərbərlik potensialını qiymətləndirmək üçün müəyyən əməliyyat-taktiki hesablamalar aparmaq mümkündür.

Ekspertin sözlərinə görə, XX əsrin ikinci yarısında səfərbərlik potensialının qiymətləndirilməsi üçün istifadə olunan ənənəvi üsullar XXI əsrin reallıqlarına uyğun gəlmir. Bu məsələ yalnız Ukraynada deyil, digər ölkələrdə də yenidən nəzərdən keçirilməlidir.

Lakiçukun bildirdiyinə görə, hazırda Ukraynanın müdafiə və təhlükəsizlik sektorunda ölkənin faktiki əhalisinin 3–3,5 faizi xidmət edir.

“Global Firepower” təşkilatının 2026-cı il üçün qiymətləndirməsinə əsasən, Ukraynanın səfərbərlik potensialı təxminən 5 milyon nəfərdir. Bununla belə, ekspert hesab edir ki, bu cür hesablamalar ehtiyatlı yanaşmaya əsaslanır və istifadə olunan metodologiyaya yenidən baxılması lazım gələ bilər.

Lakiçuk vurğulayıb ki, silahlı mübarizə aparmaq qabiliyyəti yalnız ordunun sayından deyil, xalqın müqavimət iradəsindən də asılıdır.

Onun fikrincə, müqavimət iradəsi qırılarsa, silah altına cəlb edilə biləcək insanların sayının çoxluğu həlledici olmayacaq. Əksinə, mübarizə əzmini qoruyan xalqı diz çökdürmək mümkün deyil.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*