“Bu, Ukrayna-Azərbaycan münasibətlərini pisləşdirmək məqsədi daşıyır ki, bu da ilk növbədə işğalçı dövlət Rusiya üçün faydalıdır”
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Azərbaycanla bağlı məlumat yayıb.
KONKRET.az Musavat.com-a istinadən bildirir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin yadığı məlumatda iddia olunur ki, Rusiya Kiyevin Azərbaycanla münasibətlərini korlamağa çalışır.
Qeyd olunur ki, guya Ukrayna hərbi kəşfiyyatı Azərbaycanla Ermənistan arasında silahlı münaqişənin başlamasına yaratmağa çalışdığı haqda saxta məlumatlar yayılır. Ukrayna kəşfiyyatı iddia edir ki, bu dezinformasiya Ermənistanın “Telegram” kanalları vasitəsilə aktiv şəkildə tirajlanır. Xüsusilə iki ölkə arasında yeni müharibənin Rusiyanı “ikinci cəbhə” açmağa məcbur edəcəyi və bunun Ukraynaya fayda gətirəcəyi iddia edilir.
Bu feyk məlumatların əsasını guya Ukrayna Müdafiə Nazirinin müavini İvan Qavrilyukanın hazırladığı “hesabat” təşkil edir. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bəyanatında qeyd olunur ki, yayılmış saxta hesabatda belə çoxsaylı səhvlər var ki, bu da onun rəsmi sənəd olduğuna şübhələr yaradır. Bundan əlavə, yayılmış hesabat Ukraynada sənədlərin rəsmi qeydiyyatı tələblərinə qətiyyən cavab vermir.
“Bu saxta məlumatların yayılmasında məqsəd Ukraynanı nüfuzdan salmaq və Ukrayna-Ermənistan və Ukrayna-Azərbaycan münasibətlərini pisləşdirmək məqsədi daşıyır ki, bu da ilk növbədə işğalçı dövlət Rusiya üçün faydalıdır”, – deyə, Baş Kəşfiyyat İdarəsinin xəbərdarlıqda vurğulanır.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə aşağıdakı vəzifələr həvalə edilib:
“Ukraynanın kəşfiyyat orqanları haqqında” Ukrayna Qanunu ilə müəyyən edilmiş kəşfiyyat məlumatlarının əldə edilməsi, analitik işlənməsi və dövlət orqanlarına təqdim edilməsi;
Ukraynanın iqtisadi, siyasi, hərbi, hərbi-texniki, ekoloji və informasiya sahələrində milli maraqlarının və dövlət siyasətinin dəstəklənməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi, iqtisadi və elmi-texniki inkişafı, dövlət sərhədinin mühafizəsi və təhlükəsizliyinə yönəlmiş xüsusi tədbirlərin həyata keçirilməsi;
qanunvericiliklə müəyyən edilmiş qaydada terrorizmə, beynəlxalq mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, qanunsuz silah ticarətinə və onun hazırlanması texnologiyasına, qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə iştirak;
Ukraynanın xaricdəki qurumlarının fəaliyyətinin təhlükəsizliyinin, onların əməkdaşlarının və onların qəbul edən ölkədəki ailə üzvlərinin, habelə Ukraynadan kənarda ezam olunmuş və dövlət sirri olan məlumatlarla tanış olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi.
2020-ci ilin avqustundan bu idarəyə Kirill Budanov rəhbərlik edir.