Ukrayna pilotsuz təyyarələri Rusiyanın neft infrastrukturuna zərbələr endirməyə davam edir. Bu, ölkədə daxili yanacaq qıtlığı yaradıb və strateji sənayenin çöküş ərəfəsinə gəlməsinə səbəb olub.
KONKRET.AZ xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Nəşr üç avropalı məmura istinadən bildirir ki, sanksiyalar və hədəfli zərbələrin birləşməsi Kremli danışıqlar masasına oturmağa vadar edə bilər. Analitiklər Rusiyanın yanacaq istehsalının 15–20%-nin sıradan çıxdığını qeyd edir. Bu səbəbdən Moskva benzinin ixracını qadağan edib və bəzi regionlarda yanacaqdoldurma məntəqələrində növbələr yaranıb.
Britaniya ordusunun keçmiş kəşfiyyatçısı Filip İnqram hesab edir ki, Ukrayna hücumları “müharibənin əsas hissəsinə” çevrilib. Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı hələ tam dağılmayıb, amma 12–18 ay ərzində vəziyyət kəskin dəyişə bilər.
“Ukraynaya ümid” təşkilatının rəhbəri Yuri Boyeçko bildirib ki, iqtisadi təzyiq Putini payızda real danışıqlara sövq edə bilər. Eyni zamanda, Avropa İttifaqı yeni, 19-cu sanksiyalar paketini hazırlayır.
Müşviq Tofiqoğlu,
KONKRET.AZ