Ukrayna-Rusiya müharibəsində pilotsuz uçuş aparatlarının rolu getdikcə artır. Ukrayna Prezidenti Volodimir Zelenski Ali Baş Komandanlığın Qərargahının iclasından sonra ölkəsinin Rusiyanın dərinliklərinə endirdiyi uzaqmənzilli zərbələrin sayını kəskin artırmaq niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, hazırda gündəlik 300-dən çox uzaqmənzilli drondan istifadə edilir və qarşıya qoyulan hədəf bu göstəricini 1 000-ə çatdırmaqdır.
Bəs gündəlik uzaqmənzilli dron hücumlarının üç dəfədən çox artırılması real olaraq müharibənin gedişinə necə təsir edə bilər? Bu, Rusiyanın hərbi və enerji infrastrukturuna, logistika imkanlarına və iqtisadiyyatına ciddi təzyiq yarada bilərmi? Moskva buna cavab olaraq hücumların miqyasını daha da artıracaqmı? Belə bir strategiya Ukraynanın danışıqlardakı mövqeyini gücləndirə, yoxsa müharibənin daha da eskalasiyasına səbəb ola bilər?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a danışan politoloq Rəşad Bayramov bildirib ki, hazırda Rusiya-Ukrayna müharibəsində yeni mərhələnin əsas xüsusiyyətlərindən biri cəbhə xəttindən kənarda strateji dərinliyin hədəfə çevrilməsidir:
“Odur ki, Zelenskinin gündəlik uzaqmənzilli PUA zərbələrinin sayını 1 000-ə çatdırmaq tapşırığı da məhz bu yanaşmanın sistemləşdirilməsi kimi qiymətləndirilə bilər. Kiyev bununla Rusiyanın həm cəbhədəki hərbi imkanlarına, həm də müharibəni təmin edən bütün infrastrukturuna təzyiq göstərməyə çalışır. Məlumatlardan məlum olur ki, əsas dəyişiklik miqyasda olacaq. Dron sayının gündə 300-dən 1 000-ə yüksəlişi Rusiyanın hava hücumundan müdafiə sistemlərinin qarşısında tamamilə başqa səviyyədə problem yarada bilər. Burada məqsəd əslində bütün PUA-ların hədəfə çatması da deyil. Əsas məqsəd kütləvi hücumlarla müdafiə sistemlərini yükləmək, onların resurslarını tükətmək və Rusiyanı daha geniş ərazidə hava müdafiəsi yaratmağa məcbur etməkdən ibarətdir”.
“Şübhəsiz ki, hədəflərin seçimi də mühüm məsələdir. Bilirik ki, Ukrayna artıq Rusiyanın enerji, yanacaq, logistika və hərbi istehsal infrastrukturuna ardıcıl zərbələr endirir. Belə hücumların sayı çoxaldıqca Moskva üçün həm fiziki itkilər artacaq, həm də əlavə iqtisadi və təhlükəsizlik xərcləri yaranacaq. Digər vacib məqam isə psixoloji amillə bağlıdır. Rusiya uzun müddətdir Ukrayna şəhərlərinə uzaqmənzilli PUA və raketlərlə zərbələr endirməklə Kiyevə təzyiq göstərir. Ukraynanın cavabı isə faktiki olaraq müharibənin ağrısını Rusiyanın öz strateji arxa cəbhəsinə daşımağa hədəflənib. Bu artıq müharibənin yalnız Ukrayna ərazisində getdiyi təsəvvürünü zəiflədir və təbii olaraq Rusiya daxilində psixoloji duruma təsir edir”, – deyə analitik vurğulayıb.
Onun sözlərinə görə, gündə 1 000 PUA müharibənin gedişində avtomatik hərbi dönüş yaratmayacaq:
“Bunu Ukrayna tərəfi özü də yaxşı bilir və bu baxımdan Zelenskinin yeni strategiyasının əsas mahiyyəti 1 000 dron rəqəminin özü də deyil. Əsas məsələ Ukraynanın Rusiyaya qarşı asimmetrik müharibəsini sənaye miqyasına keçirmək cəhdidir. Əgər Kiyev bu tempə real şəkildə çata bilsə, müharibənin cəbhə xəttindən kənardakı iqtisadi və strateji ölçüsü əhəmiyyətli dərəcədə dəyişə bilər. Başqa sözlə, Ukrayna Rusiyaya mesaj verir ki, Ukraynanı uzaqdan vurmaq mümkün olduğu kimi, Rusiyanın strateji dərinliyi də artıq təhlükəsiz zona deyil”.
