ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi elçisi, ehtiyatda olan general-leytenant Kit Kelloq Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin mümkün bitmə ssenariləri ilə bağlı sərt mövqe sərgiləyib.
KONKRET.az xəbər verir ki, Forbes nəşrinin yazdığına görə, Qərbdə zaman-zaman səslənən “ərazi müqabilində sülh” ideyasını Kelloq qəti şəkildə rədd edib.
Onun fikrincə, xüsusilə Donetsk vilayəti üzrə güzəştlər Ukrayna üçün strateji baxımdan ciddi risklər yaradar.
“Donetskdə torpaqlarını Rusiyaya verməyin düzgün fikir olduğunu düşünənlərdən deyiləm”, – Kelloq bildirib.
O vurğulayıb ki, cəbhə xətti boyunca ediləcək hər hansı kompromis Rusiyanı dayandırmayacaq, əksinə, Ukraynanı mühüm müdafiə xəttindən məhrum edəcək.
Avropanın rolu və gücü
Kelloq çıxışında Avropa ölkələrinin müharibənin yekunlaşmasındakı roluna da toxunub. Onun sözlərinə görə, Avropa öz kollektiv gücünü yetərincə qiymətləndirmir.
“Mən həqiqətən inanıram ki, avropalılar düşündüklərindən qat-qat güclüdür. Onlar 75 il ərzində amerikalıların yanlarında olacağına arxalanıblar. Həmişə olacağıq”, – o qeyd edib.
Keçmiş xüsusi elçi hesab edir ki, Avropanın artan imkanları Rusiyanın strateji hesablamalarına da təsir göstərə bilər:
“Əgər avropalılar birləşsələr və bərabər hərəkət etsələr, çox, çox güclü kollektiv qüvvəyə çevriləcəklər”.
Sülh perspektivlərinə gəlincə, Kelloq müharibənin həlledici mərhələsinə yaxınlaşa biləcəyini istisna etməyib: “Düşünürəm ki, biz bəlkə də sülh prosesinin son mərhələlərinə doğru irəliləyirik”.
Onun fikrincə, mümkün irəliləyiş qış mövsümü başa çatdıqdan sonra özünü göstərə bilər:
“Ukrayna bu qışı keçməlidir, sonra üstünlük yenidən sizin tərəfinizə qayıdacaq. Məncə, Putin bunu görəcək və zamanla əvvəlki kimi davam etdirə bilməyəcəyini anlayacaq”.
Kelloq xaricə gedən ukraynalılara da müraciət edib. O bildirib ki, ölkəni tərk edən vətəndaşlar geri qayıtmalı və ölkənin gələcəyi uğrunda çalışmalıdır:
“Onlar geri qayıdıb Ukraynanın uğrunda mübarizə aparmalıdırlar. Əslində, onlar Ukraynanı əvvəlkindən də daha yaxşı quracaqlar”.
Kelloq Ukraynanın gələcək potensialını yüksək qiymətləndirərək, bunun xüsusilə texnologiya sahəsində və insan kapitalının inkişafında aydın göründüyünü vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
