Cahan ki solmayan bir bağca- bağdır,
Burda rəvamıdır gülmədən ölmək?!
Ədəbiyyat aləminə gəldiyi andan çağdaş günümüzədək diqqət mərkəzindəqalan həmişəyaşar şairimiz Mikayıl Müşfiq o məşum, qanlı-qadalı repressiya illərində, bədxahları tərəfindən nə qədər unutdurulmağa çalışılsa da, xalq onu bir an da olsun unutmadı. Sosial həyatımızda məqsədyönlü şəkildə məşhurlaşdırılan, populyarlaşdırılan, fəxri titullara qərq etdirilən, “bəh-bəh”lə təriflənib göylərə qaldırılan, cəmiyyətimizə “ilahi nemət” kimi təqdim olunan ədiblər içində Müşfiq adını bizə daha doğma və munis qılan, özümüzünküləşdirən, onu ülviləşdirən səbəb nədir görəsən? Azərbaycanın fitrəti şeiriyyətdən yoğrulmuş əbədicavan şair oğlu Mikayıl Müşfiq poeziya kəhkəşanının parlaq dan ulduzudur. O kəhkəşanın ki, orada Nizami, Nəsimi, Füzuli, Sabir, Cavid və Vahid kimi parlaq səyyarələr bərq vurur. Bu yazı gənc yaşında qətlə yetirilmişşair Mikayıl Müşfiq, adı xalqı vahiməyə salan məşum NKVD-nin— Daxili İşlər Xalq Komissarlığının – 1937-1938-ci illərdəki fəaliyyəti və o quruma canla- başla yardım etmiş “proletar şairlər” haqqındadir.
Uydurma ittihamla NKVD təcridxanasına gətirilmiş Müşfiqə çox işgəncə veriblər. Onu nəyin bahasına olursa-olsun sındırmağa, sinfi düşmən olduğunu etiraf etməyə nail olmağa çalışıblar. Müşfiq ilk mərhələdə qeyri- insani işgəncələrə baxmayaraq barəsindəki saxta ittiham qəbul etməyib. O zaman NKVD müstəntiqləri Müşfiqi həyat yoldaşı Dilbər xanımla təhdid ediblər, onu tutuqlayaraq təcridxanaya gətiriblər. NKVD cəlladı müstəntiq Q. Platonov Müşfiqi qəbuledilməz seçim qarşısında qoyub: “Əgər etiraf etməsən…” Dilbər xanım işgəncəyə məruz qalmış Müşfiqi görəndə ruhi sarsıntı keçirib:
Görəndə Müşfiqinin məhbəsdə Dilbər üzünü,
Qançır olmuş bədənin, qanlar sığanmış gözünü,
Dağınıq saçlarını, qəddi bükülmüş belini,
Qışqırıb qəşş elədi, itirdi dərhal özünü…
Çarəsiz qalan Mikayıl Müşfiq “boynuna almışdır” ki, o, sovet dövlətini devirmək istəyən əks-inqilabi təşkilatın üzvü olmuş və o təşkilatın bütün qərarlarını demək olar ki, yerinə yetirmişdir. 1937-ci ilin noyabr ayının 27-də keçirilən istintaqda İsmayılzadə Mikayıl Müşfiq özünü Azərbaycan SSR cinayət məcəlləsinin 64-cü,70-ci və 73-cü maddələri ilə təqsirli bilmişdir.1938-ci il yanvar ayının 5-də SSRİ Ali Məhkəməsinin 20 dəqiqəlik məhkəmə iclası Müşfiq barəsində güllələnmə hökmü vermişdir. Hökm ertəsi gecə Böyük Zirə ( Nargin ) adasında yerinə yetirilmişdir.
Keçmiş SSRİ-də 10 iyul 1934-cü ildən 15 mart 1946-cı ilə qədər fəaliyyət göstərmiş NKVD ( Народный Комиссариат Внутренних Дел ) 1937-1938-ci illərdə keçmiş Sovet İttifaqı ərazisində, o cümlədən Azərbaycan SSR-də, tüğyan etmiş kütləvi repressiyanın birmənalı şəkildə təşkilatçısı və icraçısıdır. Xatırlatmaq lazımdır ki, o illərdə bütün Sovet İttifaqında “staxanovçuluq” adlı gülünç bir kampaniya başlamışdı ( Donbas kömür mədənində işləyən A. Staxanov adlı bir fəhlə, guya, bir iş növbəsində 7 ton əvəzinə 102 ton kömür çıxararaq planı 15 dəfə artıq yerinə yetirmişdi). Bütün sahələrdə olduğu kimi, NKVD işçiləri də “vətənə normada nəzərdə tutulduğundan daha artıq cinayətkarı yaxalayıb zərərsizləşdirmək, kommunist əməyi zərbəçisi” adını almaq üçün canfəşanlıq göstərir, müstəntiqlər daha qısa müddət ərzində “etiraf”lar əldə etməyə səy göstərirdilər. İnsani dəyərlər, əxlaq, humanizm, ədalət onlar üçün heç nə idi. Ona görə də NKVD-yə gətirilənləri nəyin bahasına olursa-olsun “danışdırmağa”, “sındırmağa”, “cinayət əməllərini etiraf”a məcbur edirdilər. SSRİ prokuroru A. Vışinskinin yorulmadan, pafosla təkrarlamağa ərinmədiyi “etiraf bütün dəlillərin şahıdır” ifadəsi NKVD müstəntiqlərinin devizinə çevrilmişdi. Qeyd olunmalıdır ki, bütün təşkilat, idarə, müəssisə və iş yerlərində cani-könüldən NKVD-yə bacardığı “köməyi” əsirgəməyən titullu və ya titulsuz adamlar mövcud idi. Onlar NKVD tərəfindən barəsində həbs qətimkan tədbiri seçilən şəxslər haqqında dərhal “ifşaedici” məlumatlar yazır, mətbuata çıxış imkanı olanlar isə, qəzetlərdə uzun sicilləmə yazaraq dünənə qədər dostluq etdikləri şəxsi ən ağlagəlməz ifadələrlə təhqir edən yazılarla, barəsində ən ağır cəza hökmü çıxarılmasını tələb edirdilər.
Məhbusların taleyini NKVD nəzdində fəaliyyət göstərən OSO (Osoboye soveşaniye) adlanan Xüsusi Müşavirə həll edirdi. Azərbaycanda keçmiş zamanda, 1911-1923-cü illərdə, “Müsavat”, “İttihad”, “Əhrar” və sair partiyalarla bu və ya digər dərəcədə bağlılığı olanların hamısına, birmənalı şəkildə, güllələnmə cəzası verilmişdi. O məhkumların arasında Mikayıl Müşfiq də vardı. İ. O. Matuleviçin sədrliyi ilə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının mütəmadi olaraq yerlərdə təşkil etdiyi səyyar iclaslar məhkumların və vəkillərinin iştirakı olmadan keçirilirdi. Məhkumlara, adətən, güllələnmə hökmü bildirilmirdi. Gecə yarısı onları “etap olunma” bəhanəsilə xüsusi yerə gətirir, həkim müayinəsindən keçirilmək gərəkçəsi ilə soyundurur və əllərini bağlayırdılar. Bir söz soruşmaq istəyəni dərhal “kolotuşka- toxmaq” deyilən iki kiloluq xüsusi çəkiclə və ya tüfəngin qundağı ilə başlarına vurub susdururdular. Məhkumları gecənin qaranlığında üstü brezent örtüklü maşınla dörd silahlı nəzarətçinin müşayiəti ilə sahildə dayanmış gəminin yanına gətirib oradan Böyük Zirə ( Nargin) adasına daşıyırdılar.
Oradakı silahlı nəzarətçilər məhkumları təhvil alıb onları NKVD-nin xüsusi atıcı dəstəsinin ( onlara “çistilşik (чистильщик)-təmizlikçi- deyirlərmiş ) hazır vəziyyətdə gözlədiyi yerə aparırdılar. Məhkumları üzüstə yerə yatırdıqdan sonra hökmün icrasına başlanırdı. Sonra məhkəmə həkimi qətlə yetirilənlərin gözlərini nəzərdən keçirib ölüm aktını imzalayırdı. Əksər hallarda məhkumların cəsədlərinə ağır daş bağlayıb dənizə atırlarmış. “Bəxti gətirən”ləri toplu halında basdırırdılar. Qətlə yetirilənlərin yaxınlarına isə yalan məlumat verir, məhkumun sürgün olunduğunu və on il məktublaşmamaq cəzası aldığını söyləyirdilər. Mikayıl Müşfiq haqqında çıxarılmış hökmün dəqiq olaraq harada icra olunduğunu müəyyənləşdirmək üçün “son dərəcə məxfi” qrifli arxiv sənədlərinin hamısının açılmasına ehtiyac var.
Xalq arasında parlaq şəxsiyyət və nadir istedad sahibi Müşfiq haqqında çox əfsanələr gəzir. Bəzi rəvayətlərə görə, guya, 1938-ci ilin yanvarındaM. A. Bağırovtelefonla Müşfiqlə bağlı olaraq L. P. Beriyaya zəng edib, o da “artıq gecdir” söyləyib. Xatırladaq ki, L.P. Beriya 22 avqust 1938-ci ilə qədər NKVD sistemində işləməyib və N. Yejovun zamanında fövqəlkomissarlıq olan NKVD-yə heç kim, həm də L. P. Beriya, müdaxilə edə bilməzdi. M. Bağırov və L. Beriya subordinasiyanı yaxşı bilirdilər.
Başqa bir rəvayətə görəisə, Mikayıl Müşfiqi şəxsən M. A. Bağırov özü güllələdib. Guya, Mikayıl Müşfiq ərköyün xasiyyətli, dəliqanlı cavan imiş, istədiyi cür hərəkət edərmiş, yazıçı və şairləri, hətta döyməkdən də qalmazmış. Onun bu cür hərəkət etməsi xəbəri M. Bağırova çatmış, o da əsəbiləşib “onu gözümün önündən yox edin” deyib. Çekistlər də əmri yanlış anlayıblar və Müşfiqi güllələyiblər. Tamamilə məntiqsiz fikirdir. Ali təhsilli, dərin savadlı, ictimai mühitin qayda-qanunlarını gözəl bilən, mərifət və ədəb sahibi Müşfiqi sıradan bir dəliqanlı kimi təqdim etməyə çalışanlar nə qədər də dayaz düşünürlər?! Bu iddianın hüquqi və məntiqi əsası, demək olar ki, yox dərəcəsindədir. Zənnimizcə, bu versiya 1956-cı ildən sonra N. S. Xruşşov, R. Rudenko və onun satrapı A. Çeptsovun göstərişi ilə cəmiyyət arasında M. A. Bağırova qarşı ikrah doğurmaq, onu alçaltmaq və xalqın nəzərini əsl günahkarlardan yayındırmaq məqsədilə uydurulmuşdur.
Mikayıl Müşfiq gənc olmasına baxmayaraq, cəmiyyətdə baş verən dəyişiklikləri, siyasi orientasiyanı, dövrün tələblərini çox yaxşı görür və bütün təfərrüatı ilə dərk edirdi. Onun sosializm realizmi müstəvisində, xalqlar dostluğu zəmnində, o dövrün ictimai-siyasi tələbləri ilə səsləşən çox şeiri var. Müşfiqin qələminə məxsus olan “Stalin” poeması o zamankı siyasi lirikanın ən bariz nümunəsi hesab olunurdu:
Bu yeni dünyanın məhvəri sənsən,
Fəcri Lenindirsə, səhəri sənsən !
Əsrin qan qırmızı alovlarından
Qurtaran bu yazıq bəşəri sənsən…
Yaddaqalan uğurlu şeirlərinə görə Mikayıl Müşfiq respublika komsomolu mükafatı laureatına layiq görülmüşdü.
A. Bağırovun razılığı olmasaydı, komissiya üzvləri, çətin ki, cürət edib Müşfiqə bu mükafatı verərdilər. Mikayıl Müşfiq “Azərnəşr” kimi çox ciddi bir nəşriyyatda redaktor idi. Respublikada nəşr olunan bütün ciddi siyasi-ictimai əsərlər məhz orada nəşr olunurdu. Müşfiqə etibar edilməsəydi kim onu o vəzifəyə irəli sürə bilərdi? Bizcə, Müşfiqi NKVD qurbanına çevirənlər onun poetik istedadını, gündən-günə artan şöhrətini qısqananlar, paxıllığını çəkənlər, özlərini ona dost kimi tanıdıb ailə sirrini öyrənənlər, “partiya və vətən qarşısında proletar borcunu yerinə yetirməyə çalışanlar”, “orden-medal həvəsinə düşənlər”, “o getsə daha rəqibim qalmaz” düşüncəsiylə hərəkət edənlərdi. Axı Moskvada sovet rəsmiləri hardan bilirdilər ki, Müşfiqin həyat yoldaşı Dilbər xanım Əhməd Cavadın qardaşı qızıdır? NKVD-nin iki-üç sinif təhsili olan soldafon müstəntiqləri “Azadlıq dastanı”ndan, “Səadət nəğməsi”ndən, “Göy göl”dən, “Duyğu yarpaqları”ndan, “Küləklər”dən nə anlayırlardı axı? Məgər onların Müşfiqi oxumaq qabiliyyətləri vardı? “Bizimkilər” isə Müşfiqi NKVD-yə, Moskvaya “Müsavat” ideoloqu Əhməd Cavadın yaxın qohumu, ideoloji varisi, sinfi düşmən kimi tanıtmışdılar.
Yeri gəlmişkən, M. A. Bağırov Əhməd Cavad birinci dəfə həbs olunanda xəbər tutub onu həbsdən azad etmişdi. Bu hadisə M. A. Bağırovun ÇK-da ( Fövqəladə Komissiyada) işlədiyi vaxt olub. Bir məqamı da xatırlatmaq lazımdır ki, M.A. Bağırov bir dəfə NKVD-yə müdaxilə etmək işinə görə Stalindən xəbərdarlıq alıb. NKVD şefi Sumbatov-Topurudze M. A. Bağırovla görüşəndə necə olursa, sözarası Cavid əfəndinin NKVD tərəfindən saxlanıldığını söyləyir. M.A. Bağırov sakit tərzdə, “ailəsinə toxunmayın” deyib. Sumbatov-Topurudze də bu sözləri M. Rayevə çatdırır. M. Rayev Azərbaycan SSR-də NKVD-nin şefi olanda bunu Moskvaya, baş komissar N. Yejova xəbər verir. SSRİ prokurorluğunda məsul vəzifədə çalışan İ. O. Matuleviçin (İ. Matuleviç SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının sədr müavini idi) dəstəyinə arxalanan Azərbaycan NKVD-nin yeni şefi M. Rayev gizli şəkildə N.Yejova M. Bağırov haqqında vaxtaşırı donoslar ötürür, onu məhv etmək üçün məkrli planlar hazırlayırmış.
Yejov Kremldə M. A. Bağırov barədə tədbir görülməsi üçün İ. V. Stalinə müraciət edərkən İ.V. Stalin, “bu gedişlə sən, yəqin, mənim də haqqımda kompromat yığırsan” -deyə istehza edib. Stalin də Bağırovla görüşəndə “Yejova bəhanələr verməyin” deyib. 1938-ci ilin 22 avqustunda L. Beriyanın SSRİ NKVD-nin birinci müavini vəzifəsinə gətirilməsi M. A. Bağırovu faktik olaraq cəzadan xilas edib.
Mikayıl Müşfiq haqqında böhtan və iftira dolu, tənqid adı altında təhqiramiz ifadələrin baş alıb getdiyi yazıları “Kommunist”, “İnqilab və mədəniyyət”, “Yeni yol”, “Gənc işçi”, “Ədəbiyyat”, “Hücum” qəzetlərinə yazanlar, hər halda, NKVD rəsmiləri deyildi. Onların bunları yazmağa nə dərin savadları, nə də vaxtları çatardı. Müşfiqin şeirlərini öz istədikləri şəkildə yozaraq onu rus dilinə öz bacardıqları şəkildə çevirərək qəti tədbirlər görülməsi məqsədilə Moskvaya göndərənlər də özgəsi deyildi. Müşfiqin “Küləklər” şeirindəki
Ey çılğın küləklər, nəşəniz daşarkən,
Bağların şehindən mey sorub coşarkən,
Nalqıran dağları atlayıb aşarkən,
Məni də alınız, uçayım dağlara,
Könlümdə nə varsa, açayım dağlara!-
bəndinə irad tutmuşdular: “Müşfiq dağlara qaçmaq, ürəyindəki gizli fikirləri orada söyləmək istəyir. Əgər onun gizli qara niyyətləri yoxsa, nə səbəbə dağlara qalxmaq istəyir?”
1930- cu illərdə bütövlükdə muğamata, tara, kamana, qəzələ, qəsidəyə mənfur keçmişin ətalət qalığı kimi baxan, özlərini proletar ədəbiyyatının və mədəniyyətinin qızğın tərəfdarı sayan bir qrup “proletarkult”çu bolşevik ədib Müşfiqin “Oxu, tar” şeirini marksizm ideologiyasına, Lenin- Stalin partiyasına meydan oxumaq kimi anladıqlarından yuxarılara“donos” yazır, gənc şairi susdurmanın zamanı gəldiyini bildirirdi: “Sovet Azərbaycanın şəhər və kəndlərindəki sosialist reallığını görmək istəməyən averbaxçı Müşfiq kontrrevolyusyon düşüncələri ilə oxucuları çaşdırmağa, onları mühafizəkarlığa çağırır:
Gözləri qibləyə açılan hasarlı binalar dinləmiş əzəldən səsini;
Papaqlı atalar, çadralı analar ötürmüş sayəndə köksünü.
Düşmüşlər gah şirin, gah acı toruna, sevinə-sevinə, qoruna-qoruna.”
Müşfiqin “Tozanaq” şeirini təftiş edən “Krıtik” imzalı bir bədxah, oxucuları həmin əsərdə gizli antisovet fikirləri olduğunu inandırmağa çalışmışdı: “Uzun zaman siyasi mənsubiyyətini gizlədərək formaca milli, məzmunca sosialist ədəbiyyatı yaradanların sıralarına daxil olan bu sinfi düşmən, sovet Bakısında baş verən cahanşümul dəyişikliyi görmür, əlindəki mənhus zərrəbinlə onda qüsurlar axtarır, proletar sinfinin çalışdığı fabrik və zavodlardan ucalan tüstünü müzir, zəhərli ünsür olaraq görür:
Yеnə toz… aman, bu toz buludları nə istər
Bilməm səndən, еy Baкı, sən еy atəş diyarı!
Sən birdən dirçəlib, birdən boy atan şəhər,
Üzərindən qovsana bu iynəli ruzgarı!..
O dilbərin… qaşları altındaкı güllər, ah,
Rəvamıdır bulansın zəhərli tozlarınla?”
Başqa bir “vətənsevər” isə Müşfiqin romantik səpkili “Kimidir” şeirində şifrəli məlumat olduğu yazmışdır:
Sevgilim əyninə yaşıl geyinmiş,
Sallanışı sərvi-çəmən kimidir.
Bu bənzətmə bir az üzdən olsa da,
Tamaşa görkəmi səmən kimidir.
“Nədən Müşfiq sevgilisini yaşıl libasda təsvir etmişdir? Bu rəngin islam dininin rəmzi olması məlum deyilmi? Əcəba, başqa rəng yoxdurmu?”
Bədxahları Mikayıl Müşfiqin məharətli təbiət təsviri verilmiş lirik “Buludlar “şeirinə əksinqilabçı çağırış mənası “tapmışdılar”:
Çünki keyfim kökdür, damağım çağdır,
Şimşək çaxdırmaya mən də hazıram,
Buludlar başında partlayacaqdır,
Könlümdə qıvrılan böyük ildırım.
“Uzun müddət maskalanaraq sıralarımıza daxil olmağı bacarmış Müşfiq öz oxucularını “Buludlar” şeirində silahlı üsyana səsləməyə də cəsarət bulmuşdur.”
O zamankı dövri mətbuatda M. Müşfiqin “Dağlar” şeirini təhlil edən bərk gedənlərdən biri məqaləsində bərk əsib-coşmuşdu:
“Dağlara çəkilən yolları müsibət və vəhşət olaraq görən, cəzasız qalacağından əmin olan, cılız düşüncəli bu səadət düşməni öz kontrrevolyusioner fikirləri ilə sovet oxucularında tərəddüd, inamsızlıq yaratmaq istəmiş, staxanovçu sovet fəhlələrini cəllad adlandırmışdır:
Aya, hanкı cəlladın pəncəsinə кеçdiniz,
Niçin böylə qəddiniz sındı, büкüldü, dağlar?…
İnsan oğlu – əzəldən o sinə dağlayandı,
Yoхsa onun хəncəri кöкsünüzə dayandı?!
Başınıza кül oldu, кönlünüz oda yandı,
Onda кi, yеrinizdə raylar çəкildi, dağlar!”
Faktlar sübut edir ki, Müşfiqi şəxsən tanıyan bəzi “həmkarları”nın yorulmaq bilmədən “dəniz kənarına” ( adamlar NKVD adını çəkməkdən ehtiyat etdikləri üçün oranı belə adlandırırdılar) ünvanladıqları məlumatlar ( oxu: donoslar ) əsasında 1937-ci ilin may ayının sonlarında Müşfiqin həbsi üçün artıq “hüquqi zəmin” yaradılmışdı.
Mətbuatda Mikayıl Müşfiqin şəxsən MircəfərBağırov tərəfindən həbs etdirilməsi barədə mülahizələr irəli sürülsə də bu iddia bizə inandırıcı görünmür. Zənnimizcə, respublikanın siyasi rəhbəri o qədər iş-gücün arasından Müşfiqin şeirlərini oxumağa nə vaxtı, nə də NKVD-yə onun həbs edilməsi barədə göstəriş verməyə təşəbbüsü olardı. Bəziləri düşünürlər ki, Bağırovun Müşfiqə antipatiyası varmış. Sual yaranır: M. Bağırov qeyri-adi qabiliyyəti ilə könülləri fəth etmiş gənc Müşfiqə qarşı niyə ədavət bəsləməliydi ki? 1936-cı ildə M. A. Bağırovun sədr olduğu dövlət komissiyası Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 15 illiyi münasibətilə keçirilən şeir müsabiqəsinə Mikayıl Müşfiqin təqdim etdiyi “Səhər” poemasını “Yeddi yaxşı ədəbi əsər” mükafatına layiq görmüşdü.
Mərkəzi Komitənin ideoloji iş üzrə katibliyi respublikanın siyasi rəhbərinə çıxışlar üçün mətn hazırlayırdı. Mətn hazırlanan zaman müxtəlif sahələrin rəhbərlərindən yazılı məlumatlar tələb olunurdu. Müvafiq qurumların rəhbərliyi də tələb olunan məlumatları Mərkəzi Komitəyə təqdim edirdi. Təbii olaraq, yazıçı və şairlərin fəaliyyəti barədə məlumatları da Yazıçılar İttifaqının rəhbərliyi hazırlayırdı. Kimin hansı mövzuda, nə yazdığını, necə yazdığını Yazıçılar İttifaqından daha yaxşı kim biləcəkdi ki?
Müşfiqin şairlik qabiliyyəti qarşısında, söz meydanında aciz qalanlar, çağlayan təbinə duruş gətirə bilməyənlər Mərkəzi Komitəyə və NKVD-yə göndərdikləri məlumatlarla-“donos”larla onu təcrid edə bildilər. Təsəlliverici tərəf budur ki, Müşfiqin günahsız qanı yerdə qalmadı. Cavidi, Müşfiqi, Mümtazı, Sanılını Nəzərlini, Çobanzadəni, Xuluflunu və başqalarını xüsusi qəddarlıqla istintaq etmiş Qalustyan K.B. 22.04.1938-ci ildə Platonov Q.A. 26.08.1938-ci ildə güllələndi; Tsinman L.A. 28.11. 1937-cildə tutuldu, 20 il həbs cəzası aldı, 1952-ci ildə dəlixanada öldü; Azərbaycan SSR “üçlüyü”nə 10.01.1938- 11.11.1938-ci il tarixində başçılıq etmiş NKVD şefi Rayev Mixail Qriqorieviç (əsl familiyası və adı Kaminskiy Yakov Semyonoviç imiş, uzun müddət saxta sənədlərlə çalışıb ) 12. 11. 1938-ci ildə həbs olundu və 04.03.1939-cu ildə güllələndi.
1936-cı ilin mayında oxucularla görüşündə Mikayıl Müşfiqdən soruşmuşdular ki, onu ən çox qorxudan nədir? Müşfiq də bir anlığa susmuş, sonra da bu misraları söyləmişdi:
Bağdadda xurmalıqlar,
Su dibində balıqlar.
Ölüm ALLAHın əmri,
Olmaya ayrılıqlar…
4 iyun 1937-ci il gecəsi Müşfiqi Bakıdakı Nijni Priyut, 108 ( keçmiş Kamo, indiki S. Rəhimov küçəsi ) ünvanında yerləşən mənzilindən alıb gedən “çornı varanok” ( NKVD əməkdaşları adamları təcridxanaya qara rəngli“Qaz-M1” maşınla apardıqlarından camaat həmin məşum maşını “qara qarğa/quzğun” mənasına gələn “çornı varanok – черный воронок” adlandırırdı) istedadlı şairi xalqdan cismən ayırsa da, mənəvi olaraq heç ayıra bilmədi. Qədirbilənlərin qəlbində Müşfiq sevgisi özünə yer tapdı. Onun adını unutdurmağa çalışanların özləri tarixin dolanbaclarında unudulub getdilər. Yazdıqları kitablar makulaturalıq oldu, məddahlıq etdikləri rejimlə bərabər özləri də tarixin tozlu arxivinə gömüldülər, ciblərində “üzvlük vəsiqəsi” gəzdirsələr də şair ola bilmədilər, qafiyəli söz yığınından ibarət olan “ədəbi irsləri” oxucusuz qaldı. Müşfiq isə hər gün daha da doğmalaşdı, daha da məşhurlaşdı. İllər nə qədər gəlib keçsə də özünün “Səməndər” şeirinin qəhrəmanı kimi, yanıb külə döndükdən sonra yenidən öz külündən ehya edən gur saçlı, şux baxışlı Müşfiq elə 29 yaşında, dodaqlarında donmuş təbəssümlə qalacaq, onu sevənlərlə bərabər daha firavan, daha məsud günlərə addımlayacaqdır.
prof. Ramazan SİRACOĞLU

