Vahid məktəbli forması uşaqlara nə qazandırır? – VACİB  AÇIQLAMAbackend

Vahid məktəbli forması uşaqlara nə qazandırır? – VACİB AÇIQLAMA

Vahid məktəbli formasının tətbiqi təhsil müəssisələrində nizam-intizamın qorunması, şagirdlər arasında sosial bərabərliyin təmin olunması və məktəb mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni geyim formasının şagirdlər arasında maddi imkanlardan qaynaqlanan fərqlərin ön plana çıxmasını məhdudlaşdırdığı, məktəbə aidlik hissini gücləndirdiyi və diqqətin təhsilə yönəlməsinə kömək etdiyi bildirilir. Bəs vahid məktəbli formasının uşaqların tərbiyəsinə və sosial münasibətlərinə təsiri nədən ibarətdir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən  Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Qətibə Quliyeva bildirib ki, vahid məktəbli formasının tətbiqi təhsil müəssisələrində şagirdlərin geyiminə dair ümumi normativ qaydaların müəyyənləşdirilməsidir. Və bu proses ümumi təhsil mühitinin təşkilinə xidmət edir:

“Vahid geyim qaydasının tərbiyəvi dəyəri şagirdlərə necə geyinməyi  öyrətməklə bərabər, həm də onlarda sosial bərabərliyə, nizam-intizama, kollektiv mühitdə qanun, qaydalara riayət etməyə münasibəti  formalaşdırır. Bu, həm də məktəb qaydalarına əməl etmək vərdişinin inkişaf etdirilməsi deməkdir. Hamıya eyni qaydada tətbiq edilən geyim standartı uşaqlara ictimai mühitdə rəsmi qaydalara, normalara riayət, qanunun aliliyinə hörmət hissini təlqin edir. Vahid məktəbli formasının əsas üstünlüyü ilk növbədə sosial fərqlərin geyim üzərindən nümayişini məhdudlaşdırmaqdır. Məktəbə aidlik hissini aşılayır, diqqət təlim-tərbiyəyə yönəlir, hər hansı bir qanun-qaydaya əməl etmək vərdişi aşılanır”.

Ekspertin sözlərinə görə, cəmiyyətdə hər kəsin müəyyən qaydanı birmənalı şəkildə bəyənməsi mümkün deyil:

“Lakin şəxsi münasibətlə hüquqi öhdəliyi qarışdırmamaq lazımdır. Qanunlar, qaydalar haqqında fikirlər bildirilə bilər, təkmilləşdirilməsi və tətbiqinə dair təkliflər verilməsi mümkündür. Bu əlbəttə,  təbiidir. Lakin belə fikirlər şəxsi zövqləri ümumi hüquqi meyara çevirmək cəhdinə əsas yaratmır”.

Natiq Səlim

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*