Azərbaycan tamam başqa qalaktikadır. Burada baş verənlərin digər ölkələrdə gedən proseslərlə heç bir əlaqəsi yoxdur. Bir çox məsələlərdə yanaşmamız və hətta fikrimizi gücləndirmək üçün istifadə etdiyimiz metodların da dünyada anoloqu yoxdur. Atılan ixtiyari addımın xalqın rifahı üçün edildiyini elə iştahla və qətiyyətlə deyirik ki, guya bir çox məmurlar gecələr də yatmayıb ancaq millətin firavanlığı üçün çalışırlar. Di gəlki, bəhbəhlə təsvir və təbliğ edilən layihə ortaya çıxanda bəlli olur ki, bu layihənin hədəfi xalqa xidmət yox, bir qrup məmurun maraqları üçünmüş.
Çox danışmadan, fikrimizin sübutu üçün konkret fakta keçmək istəyirik. Belə ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) bu günlərdə bir məlumat yaydı. Məlumatda deyilir ki, ADY rəqəmsal ödənişlərin genişləndirilməsi, köşklərdə və kassalarda növbələrin aradan qaldırılması və kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınması məqsədilə 01 iyul 2023-cü il tarixindən etibarən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara kağız biletlərin satışını dayandırır.
Nə gözəl, bəlağətli cümlələrdir. ADY xalq və ekologiya təəssübkeşliyi üçün necə əziyyətlərə qatlaşır!! Kaş ki, belə olsaydı. Amma qərarın ikinci hissəsini oxuyanda sap-sağlam Azərbaycan vətəndaşının təzyiqi vurub kəllə-çarxa çıxır. Çünki kağız biletini ləğv edən ADY vətəndaşları məcbur edir ki, onların təklif etdiyi plastik ödəmə kartları alsınlar. Kartın qiyməti də 2 manatdır. Və bu qərardan da belə nəticə hasil olur ki, Bakı sərnişin stansiyasından Bakıxanov stansiyasına getmək istəyən vətəndaş əvvəlki kimi 50 qəpik yox, 2 manat 50 qəpik ödəməlidir. Çünki gediş haqqı yalnız kartla ödənilir. Bəs, təsadüfən ADY-nın xidmətindən istifadə edən vətəndaş niyə 2 manatlıq kart almaq zorundadır? Bakı sərnişin stansiyasında vətəndaş uzun növbəyə dayanıb kart almalıdır. Əgər o kart ona daha lazım olmayacaqsa, Bakıxanov stansiyasında kassada həmin kartı geri qaytara və pulunu geri ala bilər.
Bax, budur ADY-nın kreativ ideyasının bir parçası. Vətəndaş heç nədən daha bir qayğı ilə üzləşmək zorunda qalır. Sərnişin niyə iki dəfə kassa qarşısında uzun növbədə əlavə vaxt və əsəb sarsıntısı keçirməlidir? Halbuki, ADY plastik kartlara keçidi “köşklərdə və kassalarda növbələrin azaldılması” məqsədi ilə edildiyini deyir. Hələ onu demirik ki, Bakıda vahid ödəniş kartı – “BAKIKART” var. ADY əgər vətəndaşların rahatlığını düşünüb yeni qərar qəbul edibsə, onda bu məqamı niyə gözdən qaçırıb?!
Başqa bir yeniliyinsə dünya anoloqu yoxdur. Belə ki, iyulun 1-dən etibarən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlarda biznes vaqon ləğv olunacaq. Bütün vaqonlardan ancaq ekonom sinifi kimi istifadə olunacaq. Bu xəbəri eşidən germanlar özlərini asıb intihar etməsələr, yaxşıdır. Çünki, dünyanın ən tanınmış dəmir yol qatarlarının istehsalçısının vaqonlarını ADY rekonstruksiya edir. Biznes vaqonu söküb, onun profilini tamamilə dəyişir. Beləcə, biz təkcə germanları deyil, bütün dünyanı təəccübləndirmiş oluruq. Birincisi, müasirliyə vulqar yanaşmamızla, ikincisi isə Azərbaycan vətəndaşını aşağılamaqla. Vətəndaş artıq pul ödəyib mənzil başına daha rahat çatmaq istəyir. Amma ADY deyir ki, “yox, olmaz. Hamı ekonom klasda, basabasda və havasızlıq şəraitində getməlidir”. Beləcə, ADY beynəlxalq standartlara və vətəndaşların seçim imkanlarına birbaşa tüpürür.
Əgər doğrudan da ADY-nin hədəfi sərnişindaşımanının coğrafiyasını genişləndirmək və vətəndaş məmnunluğu yaratmaqdırrsa, onda niyə əlavə qatarlar alıb xəttə buraxmır? Niyə Bakı-Astara, Bakı-Horadiz, Bakı-Ağdam, Bakı-Balakən və digər marşrutlar üzrə qatarların hərəkətini bərpa etmir?
Deməli, ADY-nin məqsədi vətəndaş məmnunluğu yaratmaq deyil. Əgər bu belə deyilsə, onda ADY bizim gətirdiyimiz arqumentləri təkzib eləsin.
KONKRET.az-ın ARAŞDIRMA QRUPU
Çox məntiqsiz irad.