ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Vaşinqtondan Pakistana nə vaxt yola düşəcəyi hələ də qeyri-müəyyən olaraq qalır. CNN-in danışıqlardan xəbərdar olan mənbələrə istinadən yaydığı məlumata görə, Ağ Ev bu məsələni və növbəti addımları müzakirə etmək üçün çərşənbə axşamı əlavə iclaslar keçirməyi planlaşdırır və Vens həmin görüşlərdə iştirak edəcək.
KONKRET.az xəbər verir ki, Ağ Ev rəsmisi də vitse-prezidentin iştirakı ilə əlavə siyasi məsləhətləşmələrin aparıldığını təsdiqləyib. Əslində, Vensin çərşənbə axşamı səhər saatlarında İslamabada uçacağı gözlənilirdi. Lakin əsas problem İran nümayəndə heyətinin danışıqlara qatılıb-qatılmayacağı ilə bağlıdır. Belə ki, günorta saatlarına olan məlumata görə, İran tərəfi danışıqların ikinci raundu üçün Pakistana rəsmi nümayəndə göndərmək barədə hələlik heç bir öhdəlik götürməyib.
Diplomatik mənbələr bildirir ki, Vaşinqton tərəfi İslamabaddakı görüşlərin effektivliyi üçün Tehranın iştirakını vacib hesab edir. Hazırda ABŞ rəsmiləri İranın bu prosesdəki mövqeyini dəqiqləşdirməyə çalışır və səfərin taleyi məhz bu amildən asılı olacaq.
Natiq Səlim,
KONKRET.az
