Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) sonuncu günü start götürüb.
KONKRET.az xəbər verir ki, forumun yekun günündə WUF13 çərçivəsində aparılan müzakirələrin nəticələrinə həsr olunan rəsmi bağlanış mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransında mənzil təminatı, iqlimə davamlılıq, şəhər maliyyələşməsi, yerli idarəetmə və Yeni Şəhər Gündəliyinin icrası ilə bağlı əsas müzakirələrin yekunlarının açıqlanacağı gözlənilir. Tədbirdə, həmçinin “Bakı Fəaliyyətə Çağırışı” sənədinin qəbulunun diqqət mərkəzində olacağı bildirilir.
Konfransda Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev, BMT Baş katibinin müavini Amina J. Mohammed (TBC), UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax və Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Victoria Romero Caballero iştirak edəcəklər.
Günün ikinci yarısında WUF13-ün rəsmi bağlanış mərasimi keçiriləcək və forumun ev sahibliyi WUF14 təşkilatçılarına təhvil veriləcək.
Daha sonra isə WUF13 bayrağının endirilməsi mərasimi baş tutacaq.
Qeyd edək ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən forum “Dünyanı mənzillə təmin etmək: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusuna həsr olunub.
Məlumat üçün bildirək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində 176-dan çox ölkədən 43 500-dən artıq iştirakçı bir araya gəlib. Forumda hökumət nümayəndələri, yerli idarəetmə orqanları, beynəlxalq təşkilatlar, biznes qurumları, akademik dairələr və vətəndaş cəmiyyəti təmsil olunub.
