Bakıda fəaliyyət göstərən “Xaçapuri Village” restoranı ilə bağlı redaksiyamıza vətəndaş şikayəti daxil olub.
Şikayətçi Vüqar Ağayev KONKRET.az-a bildirib ki, menyuda göstərilən qiymətlə çekdəki məbləğ arasında fərq yaranıb.
Vətəndaşın sözlərinə görə, əvvəlcə 40 nəfərlik menyu 2600 manatdan bir qədər çox hesablanıb. Bu məbləğə 10 faiz servis haqqı və DJ pulu da daxil edilib.
“Lakin ödəniş zamanı təqdim olunan çekdə 37 nəfərlik sifariş üçün hesablanan məbləğ 2500 manatı keçib. Bundan əlavə, DJ üçün 200 manat ayrı tələb olunub və ödənilib. Restoran tərəfi qiymət fərqini “sistemin belə göstərməsi” ilə izah edib”, – şikayətçi vurğulayıb.
Problemə aydınlıq gətirmək üçün “Xaçapuri Village” restoranı ilə əlaqə saxladıq. Restorandan KONKRET.az-a bildirilib ki, müştəriyə adambaşı menyu təqdim edilməyib:
“Biz onlara adambaşı menyu verməmişik, çünki o cür istəməyiblər. Seçimlə olan menyudur. Yəni sifarişlər menyudan tək-tək qiymətlə seçilib. Əvvəl 40 nəfərlik sifariş veriblər, sonra sayı 37-yə endiriblər. Biz yalnız kababların sayını azalda bildik, digər yeməkləri isə əvvəlcədən razılaşdırıldığı üçün çıxarmaq mümkün olmadı. DJ məsələsi isə bizlik deyil. Onlar DJ-lə özləri danışıb. Biz sadəcə bildirdik ki, DJ 200 manata gələcək, onlar da razılaşdılar.”
Restoran nümayəndəsinin sözlərinə görə, müştərilərə bütün izahlar verilib və çekdə göstərilən hər bir xidmət öz əksini əksini tapıb:
“Əgər adambaşı menyu olsaydı, bu başqa məsələ. Amma onlar seçim menyusu götürüblər. Bu zaman hər sifariş sistemə ayrıca daxil edilir. Çekdə də bütün əlavə xərclər göstərilib.”
Müşviq Tofiqoğlu
KONKRET.az