Azərbaycanda vahid məktəbli formasının tətbiqi ətrafında müzakirələr davam edir. Bəzi çevrələr bu qərara fərqli yanaşsa da, vahid geyim formasını təhsil mühitində nizam-intizamın, bərabərliyin və məktəb ənənələrinin qorunması baxımından vacib hesab edənlər də var. Bəs vahid məktəbli forması nə üçün əhəmiyyətlidir və onun dinlə əlaqələndirilməsi nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Xalq artisti, bəstəkar Sərdar Fərəcov bildirib ki, vahid məktəbli forması ilə bağlı dövlətin qərarı tam vaxtında verilib:
“Çünki məktəb, təhsil və ümumi forma bir-birindən ayrılmaz amillərdir. Biz 19-cu əsrdə təhsil alan ilk maarifçilərimizi xatırlasaq görərik ki, onların hamısı xüsusi məktəbli formalarında olublar. Bu, o şagirdlərdə böyük ruh yüksəkliyi yaradırdı, eyni zamanda ətrafdakı insanlar həmin şagird və tələbələrə cəmiyyətin müəyyən zümrəsi, gələcəyin aparıcı qüvvəsi, ziyalısı kimi baxırdılar. Ona görə də, düşünürəm ki, şagirdlərin qarışıq formada, fərqli libasda olması xoşagəlməz görüntü yaradır. Vahid forma isə şagirdləri mobilləşdirə, onların ideyalarını möhkəmləndirə bilər. Bu, təhsildə bir mərhələdir və tətbiq olunan qaydaları qəbul etmək lazımdır. Bu həm də, şagirdlərin təhsilə daha çox adaptasiya olmasına, cəmiyyətin isə onları gələcəyin uğurlu insanları kimi qəbul etməsinə səbəb olacaq. Düşünürəm ki, vahid məktəbli formalarının tətbiqini qəbul etmək və anlamaq lazımdır”.
Xalq artisti əlavə edib ki, bəzi din xadimləri bu məsələni başqa istiqamətə yozmaq istəyirlər:
“Amma vahid məktəbli formasının tətbiqinin dinə, insanların inancına heç bir aidiyyatı yoxdur. Bu, sadəcə şagirdə, onun təhsil aldığı məktəbə hörmət əlaməti olaraq həyata keçirilən bir prosesdir. Düşünürəm ki, bu, vacibdir və olmalıdır”.
Natiq Səlim
KONKRET.az
