Oktyabrın 23-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov Xankəndi şəhərində Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında dayanıqlı inkişaf məsələlərinə həsr olunmuş yüksəksəviyyəli strateji dialoqda iştirak edib.
Tematik sessiyada o vurğulayıb ki, Azərbaycanın BMT ilə şəhərsalma sahəsində əməkdaşlığı həm qlobal çağırışların həllinə töhfə verməyi, həm də yerli səviyyədə layihələrin həyata keçirilməsini əhatə edir.
İlqar İsbatov qeyd edib ki, Azərbaycan öz təcrübəsini beynəlxalq tərəfdaşlarla bölüşməklə yanaşı, qlobal şəhərsalma gündəliyinin formalaşmasında da fəal iştirak edir. Ölkəmizin BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) “Hər Kəs üçün Münasib Mənzil” üzrə Açıq Tərkibli Hökumətlərarası Ekspert İşçi Qrupuna həmsədrlik etməsi bunun nümunələrindən biridir. O, həmçinin cari ilin may ayında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) birgə təşkilini və bundan əvvəl keçirilmiş Milli Şəhərsalma Forumlarını tərəfdaşlığın nəticələri kimi qeyd edib.
Bu əməkdaşlığın praktik nümunələrindən biri Komitə ilə UN-Habitat arasında Cəbrayıl rayonunun Quycaq və Kəlbəcər rayonunun Mollabayramlı kəndləri üzrə ərazi planlaşdırılması sənədlərinin birgə hazırlanmasına dair imzalanmış sazişdir.
İlqar İsbatovun vurğuladığı kimi, bu tərəfdaşlığın əsas dəyəri qarşılıqlı təcrübə mübadiləsi və onun praktik nəticələridir: Azərbaycan qlobal şəhərsalma məsələlərinin həllinə töhfə verir, beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə təşəbbüslər isə Qarabağ və Şərqi Zəngəzurun bərpasına və dayanıqlı inkişafına xidmət edir.

