Son günlər elm adamlarının immunitet sistemini xərçəng hüceyrələrinə qarşı “öyrədən” yeni dərman hazırlaması ilə bağlı məlumatlar gündəmə gəlib. Mütəxəssislər bunun gələcəkdə xərçəng müalicəsində inqilabi dəyişikliklərə səbəb ola biləcəyini istisna etmirlər.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı həkim-terapevt Günay Lətifova bildirib ki, alimlərin bu istiqamətdə araşdırmalar aparması sevindirici haldır:
“Elm getdikcə inkişaf edir. Bu, heç kimə yad deyil. Alimlərin araşdırma aparması çox sevindirici haldır. İllərdir, əsrlərdir bu təcrübələr davam edir. Amma artıq Azərbaycanın özündə də yeni müalicə metodları tətbiq olunur. Onkologiyada istifadə edilən xüsusi dərman preparatları var, onlar müəyyən hallarda xəstənin vəziyyətini stabil saxlaya bilir”, – deyə o, qeyd edib.
Həkimin sözlərinə görə, hazırda yüzdə-yüz nəticə verən dərman mövcud olmasa da, araşdırmalar ümidvericidir:
“İmmunitetdə inqilab dedikdə, məhz yeni bir şeyin kəşf edilməsini nəzərdə tuturuq. Çünki xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı günbəgün artır. Təəssüf ki, azalmaq əvəzinə artım müşahidə olunur. Bu da insanların yaşam tərzi, stres və qeyri-sağlam qidalanma ilə birbaşa bağlıdır”, – deyə Günay Lətifova vurğulayıb.
Aynurə İsmayıl,
KONKRET.az