Xəzərin bəzi ərazilərində sahil xəttinin onlarla kilometr geri çəkilməsi sosial-iqtisadi böhrana yol aça bilər. Hətta yaranan vəziyyətdə sahil yaşayış məntəqələrinin sakinlərinin evlərini tərk etməyə məcbur olacağı istisna edilmir. Ətraf mühit üzrə mütəxəssislər hesab edirlər ki, bu tendensiya davam edərsə, region əsrin ortalarına qədər 5 milyona qədər “iqlim qaçqını”nın miqrasiyası ilə üzləşəcək.
KONKRET.az teleqraf-a istiandla xəbər verir ki, rusiyalı alimlər son 18 il ərzində dənizin səth sahəsinin 22 000 kvadratkilometr (İsrail və Sloveniyanın birlikdəki ərazisinə bərabər) azaldığını və bu itkinin yarısının Qazaxıstan ərazisində baş verdiyini bildirib.
Mütəxəssislərə görə, Xəzərdə suyun səviyyəsi ildə 69 santimetr aşağı düşür.
Mərkəzi Asiya Ətraf Mühit Tədqiqatları İnstitutunun təsisçisi Asel Tasmaqambetov bildirir ki, dibdərinləşdirmə işləri ilə məşğul olan iri neft şirkətləri də vəziyyətin pisləşməsinə töhfələrini verirlər.
Əslində Xəzərin transqressiyası (dənizin quruya doğru irəliləməsi) və reqressiyası (dənizin sahildən geri çəkilməsi) hər yüz ildən bir baş verir və bu, dənizin təbii xüsusiyyətidir. Lakin alman alimlərinin hesablamalarına görə, hazırkı geri çəkilmə prosesi azı 2054-cü ilə qədər davam edəcək.
Xəzərin geri çəkilməsi səbəbindən dayaz sahil xəttinə malik bölgələrdə əhalinin köçü proqnozlaşdırılır. Miqrasiyanı şərtləndirən əsas amillər kimi isə içməli su çatışmazlığı, gəmiçilik və balıqçılıq fəaliyyətinin dayanması, həmçinin zəhərli duz fırtınaları göstərilir.
Onu da vurğulayaq ki, Xəzərin dayazlaşan hissəsi əsasən Qazaxıstan ərazisinə düşür. Aktau şəhəri və ətraf ərazilər isə ən həssas zonalardır. Aktaunun həyati əhəmiyyətli xidmətləri bilavasitə Xəzər dənizindən asılıdır. Belə ki, şəhər şirin su ilə duzsuzlaşdırma qurğuları vasitəsilə təmin olunur. Dənizin səviyyəsinin enməsi su götürmə kanallarının donmasına, dayazlaşmasına səbəb olur. Əgər su götürmə sistemləri texniki cəhətdən dənizin yeni səviyyəsinə uyğunlaşdırılmazsa, şəhər şirin susuz qala bilər. Yəni dəniz səviyyəsinin enməsi su təchizatının sabitliyini birbaşa təhlükə altına alır. Şəhər tamamilə duzsuzlaşdırılmış dəniz suyundan asılı olduğu üçün, geri çəkilən sahil xətti Mangistau Atom Enerjisi Kompleksinin (MAEK) suqəbuledici kanallarını açıq vəziyyətdə qoyur. Güclü küləkli havada və ya qış aylarında lil, yosun və buz qırıntıları kanallara sovrulur, nasosların dayanmasına səbəb olur.
Şəhəri bu amilin təsirindən qorumaq məqsədilə hazırda irimiqyaslı hidrotexniki layihələr həyata keçirilir. Sabit su təchizatını təmin etmək üçün 1 və 2 nömrəli suqəbuledici kanallar 4 metrə qədər dərinləşdirilir və dəniz istiqamətində bir kilometrdən çox uzadılır.
Ümumilikdə isə son illərdə şəhərin su çatışmazlıq problemini aradan qaldırmaq istiqamətində əhəmiyyətli addımlar atılsa da, məsələnin tam həllinə hələ nail olunmayıb.
Onu da əlavə edək ki, Aktau şəhərinin gündəlik içməli suya olan tələbatı təxminən 61 000 kubmetr təşkil edir. Yay aylarında isə istehlak 54 000–65 000 kubmetrə qədər yüksəlir. Bu tələbatı ödəmək məqsədilə regionda genişmiqyaslı modernləşdirmə layihələri həyata keçirilib. Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Zavodu genişləndirilib. Gündəlik istehsal gücü ikiqat artırılaraq 20 000 kubmetrdən 40 000 kubmetrə çatdırılıb. Rəsmi qurumlar bu göstəricini 100 000-ə çatdırmağı planlaşdırırlar.
Qaraqiyan (Kenderli) və Tupkaraqan (Fort-Şevçenko) rayonlarında əlavə istehsalat obyektlərinin istifadəyə verilməsi Aktau şəhərinə düşən yükü azaltmağa kömək edib. Belə ki, artıq şəhərətrafı yaşayış məntəqələri şəhərin su təchizatı sistemindən istifadə etmir.
Xəzərin şimalında yerləşən Atırau vilayətində də dərinliyin aşağı olması səbəbindən geri çəkilmə prosesi daha sürətlə gedir. Bu vəziyyət limanların fəaliyyətini, balıqçılıq sənayesini və neft hasilatı infrastrukturunu təhlükə altında qoyub. Eləcə də yerli əhalini iş yerlərindən məhrum edir. Qazaxıstanlı qanunvericilər bildirirlər ki, uzunmüddətli perspektivdə (2040–2050-ci illərə qədər) ölkənin sahilboyu ərazilərində yaşayan milyonlarla insan böhranla üzləşəcəklər.
Rusiya və Türkmənistan üçün qarşıdakı onilliklərə dair ətraf mühit proqnozları əsasən Xəzər hövzəsindəki ciddi dəyişikliklərlə bağlıdır. Bununla belə, alimlərə görə, coğrafi fərqlər səbəbindən (Rusiyada dayaz Şimali Xəzər və Türkmənistanda səhra xarakterli şərq sahili) iki ölkənin üzləşəcəyi çətinliklər və nəticələr əhəmiyyətli dərəcədə fərqlənəcək.
Rusiya üçün əsas təhlükələrdən biri Şimali Xəzərin sürətlə geri çəkilməsidir. Bu ərazi son 20 ildə artıq 20 000 kvadratkilometrdən çox su səthi sahəsini itirib.
Proqnozlar Həştərxan vilayəti və Kalmıkiyada quraqlığın artacağını göstərir. Volqa çayı Xəzər dənizinə daxil olan ümumi su axınının 80%-ə qədərini təmin etsə də, bəndlərin tənzimləyici təsiri və iqlim dəyişikliyi səbəbindən yaranan buxarlanma nəticəsində çayın su sərfi azalıb. Bu vəziyyət deltanın unikal bataqlıq ərazilərinin deqradasiyasına, nərə balıqlarının kürü tökmə məkanlarının itirilməsinə və Xəzər suitilərinin kütləvi tələf olmasına səbəb olub.
Proqnozlara əsasən, Dağıstan və Kalmıkiyadakı dayaz sahil zonaları duzlu düzənliklərə çevrilməyə davam edəcək. Otlaqların səhralaşması gözlənilir ki, bu da Cənubi Rusiyada heyvandarlığa ciddi zərbə vuracaq.
Digər tərəfdən, gəmiçilik kanallarında nəqliyyat böhranı istisna edilmir. Məsələn, Volqa-Xəzər Dəniz Gəmiçilik Kanalı (VXDGK) daim dibdərinləşdirmə işləri tələb edir. Alimlər proqnozlaşdırırlar ki, əgər əsrin ortalarına qədər dəniz səviyyəsi daha 2–5 metr enərsə, Olya və Həştərxan limanlarına istiqamətlənən gəmilər üçün dərinliyin təmin edilməsi iqtisadi və texniki cəhətdən qeyri-mümkün olacaq. Bu da “Şimal-Cənub” dəhlizinin fəaliyyətini iflic edəcək.
Türkmənistan üçün vəziyyəti mürəkkəbləşdirən amil isə ondan ibarətdir ki, ölkənin sahil xətti sərt və quraq (səhra) iqlim zonasında yerləşir. Xəzər dənizindəki dəyişikliklər Aral dənizi fəlakəti ilə bağlı ekoloji ssenarinin təkrarlanması təhlükəsini yaradır.
Suyun geri çəkilməsi nəticəsində duz çöküntüləri, eləcə də sənaye fəaliyyəti nəticəsində yaranan kimyəvi qalıqlar üzə çıxır. Duz fırtınası ocaqlarının yaranması yönündə xəbərdarlıq edən ekoloqlar küləyin zəhərli tozu ətraf ərazilərə daşıması nəticəsində müxtəlif xəstəliklərlə bağlı risklərin artacağını irəli sürürlər.
Xəzərin dayazlaşması Qara-Boğaz-Göl körfəzinin taleyini də sual altına qoyur. Qara-Boğaz-Göl körfəzi relyefcə Xəzər dənizindən təxminən 4 metr aşağıda yerləşir. Bu səbəbdən Xəzər dənizinin suları dar bir boğaz vasitəsilə daimi olaraq, şəlalə kimi körfəzə axır. Qara-Boğaz-Göl çox dayaz və isti ərazidə olduğundan, bura daxil olan su sürətlə buxarlanır. Başqa sözlə, körfəz Xəzər dənizinin təbii su artığını buxarlandıran nəhəng bir “tənzimləyici klapan” rolu oynayır. Həmçinin Körfəz natrium-sulfat (mirabilit) hasilatı üzrə dünyanın ən böyük təbii hövzəsidir. Xəzər dənizinin səviyyəsinin enməsi səbəbindən körfəzi dənizlə birləşdirən ensiz boğazın tamamilə donması və ya quruması təhlükəsi yaranıb. Xatırladaq ki, oxşar vəziyyət 1980-ci illərdə süni bəndin tikilməsi nəticəsində artıq baş vermişdi. Belə ki, 1930-1977-ci illər arasında Xəzər dənizinin səviyyəsi kəskin şəkildə (təxminən 3 metr) aşağı düşdüyü zaman sovet mühəndisləri Xəzərin su itkisini azaltmaq məqsədilə 1980-ci ildə Xəzərlə körfəzi birləşdirən boğazın qarşısını bəndlə kəsdilər. Nəticə gözləniləndən daha dağıdıcı oldu. Cəmi 3-4 il ərzində Qara-Boğaz-Göl tamamilə quruyaraq nəhəng duz səhrasına çevrildi.1992-ci ildə bənd partladıldı və dəniz suyu yenidən körfəzə buraxıldı. Qara-Boğaz-Göl yenidən su ilə doldu və Xəzərin səviyyəsini aşağı salmaqda yenidən aktiv rol oynadı. Əgər Xəzərin səviyyəsi indiki tempdən daha aşağı düşərsə, boğazın ağzı təbii şəkildə quruyacaq və körfəz yenidən heç bir insan müdaxiləsi olmadan tamamilə səhraya çevriləcək. Eləcə də Qara-Boğaz-Gölün tamamilə quruması şəraitində Qərbi Türkmənistanda torpaqların şoranlaşması prosesi daha da sürətlənəcək.
Xəzərdəki su itkisi nəticəsində Avaza Milli Turizm Zonası və Türkmənbaşı limanı sahil xəttindən xeyli uzaqda qala bilər ki, bu da milyardlarla dollar dəyərindəki turizm və logistika infrastrukturunu yararsız hala sala bilər.
