Qlobal Çoxölçülü Yoxsulluq İndeksi (QÇYİ) 2010-cu ildə yarandığı vaxtdan bəri ilk dəfə artım göstərib. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) məlumatına görə, dünyada təxminən 1,2 milyard insan çoxölçülü yoxsulluq içində yaşayır.
KONKRET.az azərtac-a istinadən xəbər verir ki, dərc olunmuş məlumatlara görə, indeks əvvəlki dəyərlə müqayisədə 51,5 milyon nəfər artıb. Yoxsulluq içində yaşayan insanların təxminən 83 faizi kənd yerlərində yaşayır. Ümumi yoxsul əhalinin yarıdan çoxu (617 milyon) isə uşaqlardır.
BMT İP bu tendensiyanı qlobal ictimaiyyət üçün narahatedici siqnal adlandırıb, həmçinin yoxsulluqla mübarizədə irəliləyişin hökumətlərin əlaqələndirilmiş fəaliyyəti sayəsində mümkün olduğunu vurğulayıb.
QÇY indeksi yalnız gəlir səviyyələrini deyil, həm də təhsil, səhiyyə və digər əsas yaşayış şəraitinə çıxışı nəzərə alır. Bu yanaşma yoxsulluğun miqyasını hərtərəfli qiymətləndirməyə və ən həssas qrupların üzləşdiyi əsas çətinlikləri müəyyən etməyə imkan verir.
