“Rusiya Xarici İşlər Nazirliyi “Sputnik Azərbaycan” agentliyinin ölkədəki fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycan tərəfi ilə təmaslarını davam etdirir”.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
O qeyd edib ki, Rusiya bu vacib məsələyə dair öz mövqeyini Azərbaycan tərəfinə çatdırıb və məsələnin konstruktiv dialoq əsasında həllinə ümid edir:
“Biz tərəfdaşlarımızın gələcək addımlarında Rusiya və Azərbaycan arasında mövcud olan müttəfiqlik münasibətlərini nəzərə alacaqlarına və ikitərəfli əlaqələrə zərər vurmamaq üçün addımlar atacaqlarına inanırıq”.
Zaxarova, həmçinin Rusiya tərəfinin Azərbaycanın məsələyə dair mövqeyini və mövcud qanunvericiliyə əsaslanan arqumentlərini anladığını vurğulayıb. Onun sözlərinə görə, hər iki tərəfi qane edəcək həll yolları tapmaq və mövcud vəziyyəti nizamlamaq üçün imkanlar mövcuddur.
Qeyd edək ki, fevralın 24-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ölkədə BBC və “Rossiya Seqodnya” (Sputnik Azərbaycan) nümayəndəliklərinin bağlandığını açıqlamışdı.
Aysu İbrahimova
KONKRET.az