Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müdafiə qüvvələrinin Rusiyanın Novorossiysk şəhərində yerləşən hərbi-dəniz bazasına qarşı unikal əməliyyat keçirdiyini bildirib.
KONKRET.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, əməliyyat zamanı “Palyanitsa” reaktiv dronları, “Neptun” raketləri və pilotsuz dəniz sistemlərindən istifadə olunub.
Onun sözlərinə görə, sözügedən vasitələr əvvəlcədən müəyyən edilmiş hədəfləri vurub. Hərbi-dəniz bazasının hava hücumundan müdafiə mövqelərinə, limanın körpülərinə və infrastrukturuna zərbələr endirilməsi təsdiqlənib.
“Rusiya işğalçı donanması və onu dəstəkləyən bütün infrastruktur Rusiya təcavüzü davam etdiyi müddətdə təhlükəsiz olmayacaq. Müharibə dayandırılmalıdır və diplomatiya üçün bütün adekvat təkliflər masadadır”, – deyə Zelenski bildirib.
Qeyd edək ki, Novorossiysk hərbi-dəniz bazası Rusiyanın Qara dəniz donanmasının əsas bazalanma məntəqələrindən biridir.
Natiq Səlim,
KONKRET.az
