Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi Varşava ilə münasibətlərə dair açıqlama verib. O, iki ölkə arasında tarixi xarakterli müəyyən çətinliklərin olduğunu etiraf etsə də, əsas diqqətin gələcək təhlükəsizliyə yönəldilməsinin vacibliyini vurğulayıb.
KONKRET.az xəbər verir ki, Ukrayna lideri iki ölkəni “güclü qonşular” adlandırıb:
“Polşa ilə münasibətlərimizə gəlincə, biz qonşuyuq. Əlbəttə, ortaq tariximizdə müəyyən çətinliklər var. Amma dünyanın əksər ölkələrində tarixdə mürəkkəb anlar olur. Lakin biz bu günün reallıqlarında yaşayırıq. Bu gün bizə qarşı aqressiya var və biz birlikdə Avropa İttifaqını qoruyuruq. Biz xalqlarımızın gələcək təhlükəsizliyi haqqında düşünməliyik”.
Zelenski əlavə edib ki, əgər tərəflər güclü qonşu olmaq və həll yolları tapmaq istəyirlərsə, hər bir məsələnin öhdəsindən gəlmək mümkündür:
“Ukrayna buna hazırdır. Biz qonşularımız üçün güclü tərəfdaş və yaxşı dostuq. Ümid edirəm ki, qonşularımız bizi dəstəkləməyə davam edəcəklər”.
Natiq Səlim,
KONKRET.az
