Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini bitirmək üçün hələ rəsmi planı yoxdur.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna lideri Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso ilə keçirdiyi mətbuat konfransında danışıb.
“Biz hələ də rəsmi danışıqlarımızı və rəsmi nəticələrimizi gözləyəcəyik”, – deyə Ukrayna prezidenti əlavə edib.
Qeyd edək ki, yanvarın sonunda Ukraynanın “Strana.ua” nəşri Donald Trampın komandasının hazırladığı müharibəni 100 günə bitirmək planını dərc edib.
Nəşr iddia edib ki, son günlər bu plan Ukraynanın siyasi və diplomatik dairələrində aktiv müzakirə edilib.
Trampın müşavirləri daha əvvəl Ukraynanın NATO-ya üzvlüyünü istisna edən və Kiyevdən ərazi güzəştləri tələb edən Ukrayna üçün sülh planının bir neçə variantını təklif etmişdilər.
Bloomberg-in xəbər verdiyi kimi, ABŞ-ın müttəfiqləri gözləyirlər ki, Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Münhen Təhlükəsizlik Konfransında ABŞ prezidentinin müharibəyə son qoymaq planını təqdim edəcək.
Ancaq Kelloq deyilən xəbərləri təkzib edib. O, planın şəxsən Trampın özü tərəfindən təqdim ediləcəyini, lakin gələn həftə baş verməyəcəyini söyləyib.
Xatırladaq ki, Konfrans fevralın 14-dən 16-dək Almaniyada baş tutacaq.
Günel Mikayılova,
KONKRET.az