Qərb mətbuatı yenə Türkiyə-İran arasında baş verə biləcək müharibəyə həsr olunan yazı dərc edib. “Nəşnl İnterest” nəşri yazıb ki, Türkiyə və İran arasında yaxın vaxtlarda müharibə başlaya bilər.
“Nəşnl İnterest”in milli təhlükəsizlik departamentinin redaktoru, ABŞ hökumətinin müxtəlif qurumlarına xarici siyasətlə bağlı tövsiyələr verən Brandon Vayxert Konqresdəki respublikaçılar arasında Türkiyə-İran qarşıdurması ilə bağlı iddiaların müzakirə olunduğunu qeyd edib. İddiaya görə, respublikaçı konqresmenlərin bəziləri Türkiyə və İran arasında yaxın dövrdə İraqda qarşıdurma başlayacağını düşünürlər. Amerikalı siyasətçilər hesab edirlər ki, Türkiyə İraqda İranın təsir zonasını kəşfiyyat bacarıqları ilə azaldacaq və bu, qarşıdakı 10 il ərzində Yaxın Şərqin şimalını yeni toqquşma meydanına çevirə bilər. Əslində bu, ABŞ kəşfiyyatının növbəti təxribatıdır və regionda konflikt yaratmaq üçün özlərindən uydurduqları yeni fərziyyədir. Adətən iri konfliktlər üçün ABŞ-ın siyasi institutları vəziyyəti hərtərəfli öyrənir və guya təhlillər apraraq “müharibə həyacanı” çalırlar. Bununla da diqqəti həmin istiqamətə yönəltməklə oranı münaqişə zonası kimi təqdim edirlər. Düzdür, bu gün Türkiyə ilə İran arasında münasibətlər gərgindir. Buna səbəb Suriya və İraqdakı vəziyyətdir. Zəngəzur dəhlizi məsələsində də tərəflərin fikir ayrılığı var. Amma bunlar müharibə üçün əsas deyil.
Bunu KONKRET.az-a açıqlamasında konflikttoloq Elman Vəliyev deyib:
“Müharibə olacağına inanmıram. Bu, baş versə, hər iki tərəf xeyli itki verər. Bəs müharibə bəhanəsi nə ola bilər və savaş başlayarsa, hansı bölgə uğrunda gedəcək? Zənn etmirəm ki, müharibə Suriya uğrunda baş verəcək. Suriya artıq İranın əlindən çıxıb. İran özünün cənub cinahına nəzər salmalıdır. Türkiyənin də hazırda başı qarışıqdır. Ərdoğanın yanlış bir addımı onun hakimiyyətdən getməsinə səbə ola bilər. Müharibə təhlükəsi həmişə var. Amma zamanı yetişməyib. İraq məsələsi iki tərəf arasında qırılma nöqtəsi ola bilər. Daha bir mübahisə predmeti Zəngəzur dəhlizidir. Dəhlizin açılmasına da İran mane olur. Türkiyə isə İranın bu addımını diqqətlə izləyir”.
Vəli Həsənoğlu,
KONKRET.az