ABŞ-ın Ohayo ştatının MakArtur kəndində yerləşən Austin Powder zavodunda baş vermiş kimyəvi maddə sızması səbəbindən yerli hakimiyyət orqanları genişmiqyaslı təxliyə qərarı verib.
KONKRET.az xəbər verir ki, insident zamanı ammonyak əsaslı partlayıcı maddələrin emulsiya buxarlarının sızması qeydə alınıb. Hadisə nəticəsində zavod ərazisində təhlükəli qazların atmosferə yayıldığı bildirilir. Zavodun sahəsi 4,5 kvadrat kilometrdir.
ABŞ Mülki Aviasiya İdarəsi hadisə baş verən bölgədə 9 500 kvadrat kilometrdən çox ərazini əhatə edən uçuşsuz zona elan edib. Qadağa 56 kilometr radiusda və 7 kilometr yüksəkliyədək tətbiq olunub. Hazırda yalnız təcili yardım və xilasetmə aviasiyasına uçuş icazəsi verilir.
Zavodun sahibi olan Austin Powder şirkətinin yaydığı bəyanatda bildirilir ki, çərşənbə günü səhər saatlarında müəssisədə kütləvi azot oksidi sızması baş verib. Həmin müəssisədə dinamit və digər partlayıcı maddələrin istehsalında istifadə olunan materiallar hazırlanırdı.
Hadisə ilə bağlı araşdırma aparılır, ətraf ərazilərin sakinlərinə yaxınlıqdan uzaq durmaq və təlimatlara əməl etmək tövsiyə olunub.
Video: https://t.me/showhubb/165
Natiq Səlim,
KONKRET.az