“Putin sülhdə maraqlı deyil və bütün Ukraynanı fəth etmək niyyətindədir”.
KONKRET.az xəbər verir ki, bu barədə “NBC News” telekanalı Qərb kəşfiyyat orqanlarının dörd nümayəndəsinə və ABŞ Konqresinin iki üzvünə istinadən məlumat yayıb.
Məlumata görə, Vladimir Putin müharibəni dayandırmaq üçün ABŞ prezidenti Donald Tramp administrasiyası ilə danışıqlara başlasa da, bütün Ukraynanı ələ keçirməyə çalışır.
“Bizdə Putinin hazırda real sülh razılaşmasında maraqlı olduğuna dair heç bir məlumat yoxdur”, – ABŞ Konqresinin rəsmilərindən biri deyib.
Hazırkı kəşfiyyat məlumatları Putinin gələcəkdə bütün ölkəni ələ keçirmək fürsətinə ümid etdiyini göstərir. Çünki o, qalib gəldiyini düşünür.
“NBC News”a məlumat verən Qərb rəsmiləri hesab edirlər ki, Putin danışıqlardan ordusunu yenidən qurmaq və mövqelərini möhkəmləndirmək üçün taktiki fasilə kimi istifadə edə bilər. Yəni Putin atəşkəs və ya müvəqqəti sülh sazişi ilə razılaşsa belə, bu, yalnız qüvvələrin yenidən qruplaşdırılması üçün vaxt udmaq cəhdi olacaq.
Qərb rəsmiləri Putinin real güzəştlərə və ya uzunmüddətli sülh sazişinə hazır olduğuna şübhə ilə yanaşırlar. Rusiya tərəfi ilə hər hansı danışıqlar daha çox potensial Qərb güzəştlərinin müəyyən edilməsinə və Rusiyanın beynəlxalq arenaya qayıtmasına yönəldilə bilər.
Qərb kəşfiyyat rəsmiləri vurğulayıblar ki, Putinin Ukraynadan qoşunları çıxarmaq və ya Rusiyanın qərb bölgələrində hərbi birləşmələri və texnikanı azaltmaq planı yoxdur.
ABŞ rəsmiləri deyirlər ki, kəşfiyyat məlumatları Putinin Ukrayna ilə bağlı geniş ambisiyalarını saxladığını ardıcıl şəkildə təsdiqləyir. Trampın prezident kimi fəaliyyətə başlamasından bir ay sonra vəziyyət dəyişməz olaraq qalır.
Müşviq Tofiqoğlu
KONKRET.az