Universitet yataqxanalarının sayının azlığı və mövcud olanların bir qisminin müasir tələblərə cavab verməməsi tələbələri bahalı kirayə bazarına yönəldir. Xüsusilə son illər kirayə qiymətlərinin artması tələbələrin sosial vəziyyətinə ciddi təsir göstərir, bəzi hallarda isə onların təhsil prosesinə belə mənfi təsir edə bilir.
Bir çox ölkələrdə akademik göstəriciləri yüksək olan tələbələr üçün yataqxana yerlərində prioritet, endirim və ya xüsusi sosial paketlər tətbiq olunur. Bu yanaşma həm tələbələri daha yaxşı oxumağa motivasiya edir, həm də sosial ədalət prinsipinin qorunmasına xidmət edir. Azərbaycanda isə yataqxana infrastrukturunun məhdudluğu belə təşəbbüslərin reallaşmasını çətinləşdirən əsas amillərdən biri kimi göstərilir.
Bəs mövcud şəraitdə universitetlərdə yüksək akademik göstəricisi olan tələbələr üçün yataqxana güzəştləri nəzərdə tutula bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, ilk növbədə ölkədə universitet yataqxanalarının mövcud vəziyyəti ciddi şəkildə araşdırılmalıdır.

“Hazırda bir çox ali təhsil müəssisəsində yataqxana sistemi ya demək olar mövcud ya da arzuolunan səviyyədə deyil.
Regionlardan və xaricdən gələn tələbələrin rahat şəkildə təhsil ala bilməsi üçün ən real çıxış yolu çox vaxt kirayə mənzillər olur. Lakin kirayə qiymətlərinin yüksək olması tələbələrin sosial vəziyyətinə mənfi təsir göstərir”.
R.Nurəliyev hesab edir ki, ali təhsil müəssisələrində müasir və funksional yataqxana sisteminin qurulması vacibdir:
“Arzuolunan hal odur ki, universitetlərin mükəmməl yataqxana sistemi olsun, qidalanma və yaşayış şəraiti yaxşılaşdırılsın. Bu halda müəyyən güzəştlər də tətbiq edilə bilər. Yüksək bal toplayan və akademik göstəriciləri yüksək olan tələbələrə üstünlük verilməsi mümkündür. Lakin mövcud vəziyyət hələlik buna imkan vermir.
Azərbaycana xarici tələbələrin sayının istənilən səviyyədə olmamasının əsas səbəblərindən biri də məhz yataqxana infrastrukturunun zəifliyidir. Ali təhsil müəssisələri bu məsələyə xüsusi diqqət ayırmalı və tələbələrin sosial təminatını gücləndirməlidir”.
Aynurə İsmayıl
KONKRET.az
