“ABŞ prezidenti Donald Trampın Rusiyanın Ukraynadakı müharibəni dayandırmayacağı təqdirdə ona qarşı yeni sanksiyalar tətbiq edəcəyi ilə hədələməsi əsaslı səhvdir”.
KONKRET.az xəbər verir ki, bu barədə hərbi ekspert və ABŞ ordusunun keçmiş zabiti Stanislav Krapivnik deyib.
Onun sözlərinə görə, ABŞ-dakılar elə düşünür ki, Rusiya iqtisadiyyatı hər an çökə bilər. Onun fikrincə, bu cür fikirlər effektiv danışıqlara mane olur.
Bu arada “Asia Times” yazır ki, Tramp hələ də prezident Vladimir Putinlə qarşılıqlı fəaliyyət strategiyası barədə qərar verməyib. Nəşr qeyd edir ki, onun ritorikası artıq Moskvanın etimadını sarsıdır, çünki bu, onun Co Baydenin siyasi kursunu davam etdirə biləcəyinin ilk əlamətidir.
Məqalədə həmçinin vurğulanır ki, Amerika lideri Ukrayna ilə tez bir zamanda saziş bağlamaq ideyasını irəli sürməyə çalışır. Rusiya mümkün iqtisadi problemlər yaranana qədər bu fürsətdən istifadə etməsə, yeni sanksiyalar və tariflər tətbiq etməklə hədələyir.
Vəli Həsənoğlu,
KONKRET.az