İran və ABŞ arasında mümkün sülh memorandumu ilə bağlı xəbərlər beynəlxalq maliyyə bazarlarının diqqət mərkəzinə çevrilib. Yaxın Şərqdə uzun illər davam edən gərginliyin azalacağına dair gözləntilər enerji və qiymətli metallar bazarında yeni tendensiyalar formalaşdırır. Ekspertlər hesab edirlər ki, regionda sabitliyin bərqərar olması neftin qiymətinə təzyiq göstərə, investorların təhlükəsiz liman hesab etdiyi qızıla tələbi isə azalda bilər.
Bəs İran-ABŞ yaxınlaşması dünya bazarlarında hansı dəyişikliklərə səbəb olacaq və bu proses Azərbaycanın iqtisadiyyatına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, İran və ABŞ arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar qlobal əmtəə bazarlarında risklərin yenidən qiymətləndirilməsinə səbəb olur.

Asif İbrahimov
Onun sözlərinə görə, Yaxın Şərqdə hərbi risklərin azalması enerji bazarında geosiyasi risk əlavəsinin zəifləməsinə gətirib çıxarır:
“Yaxın Şərq dünyanın əsas enerji istehsalçısı regionlarından biridir. Burada sabitliyin yaranması bazar iştirakçılarının təchizatla bağlı narahatlıqlarını azaldır. Eyni zamanda, İranın beynəlxalq bazarlara daha geniş həcmdə neft çıxarmaq imkanlarının artacağı gözləntisi formalaşır. Bu isə qlobal bazarda əlavə təklifin yaranacağı ehtimalını gücləndirir və nəticədə neft qiymətlərinə aşağı istiqamətli təzyiq göstərir.
Bazarlar təkcə siyasi bəyanatlara deyil, həmin razılaşmaların davamlılığına da həssas reaksiya verir.
Əsas məsələ sülh mühitinin nə qədər dayanıqlı olacağıdır. Əgər regionda gərginlik yenidən alovlanarsa, neft qiymətlərinin sürətlə bahalaşması riski qalmaqda davam edir”.
Asif İbrahimovun fikrincə, qızıl bazarında vəziyyət daha mürəkkəbdir. O, bildirib ki, geosiyasi risklər artdıqda investorlar ənənəvi olaraq vəsaitlərini təhlükəsiz aktivlərə yönəldirlər:
“Qeyri-sabitlik dövründə həm fərdi investorlar, həm də dövlətlər aktivlərini daha etibarlı hesab edilən vasitələrdə saxlamağa üstünlük verirlər. Bu zaman əsas seçimlərdən biri qızıl olur. Lakin qızılın qiyməti yalnız Yaxın Şərqdəki hadisələrdən asılı deyil. ABŞ dollarının məzənnəsi, faiz dərəcələri və qlobal inflyasiya gözləntiləri də burada mühüm rol oynayır. Buna görə də qızıl bazarında reaksiyalar neft bazarındakı qədər birbaşa və kəskin olmur”.
Mütəxəssis Azərbaycanın iqtisadi maraqları baxımından əsas diqqətin neft qiymətlərinə yönəldiyini vurğulayıb:
“Neftin ucuzlaşması Azərbaycanın ixrac gəlirlərinə və dövlət büdcəsinə təsir göstərə bilər. Çünki büdcə daxilolmalarının mühüm hissəsi enerji sektorundan formalaşır. Digər tərəfdən, qlobal enerji bazarında sabitlik inflyasiya təzyqlərinin azalmasına və iqtisadi planlaşdırmanın daha proqnozlaşdırıla bilən şəraitdə aparılmasına imkan yarada bilər”.
Ekspert əlavə edib ki, neft qiymətlərinin yüksəlməsi büdcə gəlirlərini artırsa da, bu proses inflyasiya risklərini də gücləndirir:
“Bu məsələyə birmənalı yanaşmaq düzgün olmaz. Neftin bahalaşması əlavə gəlirlər yaratsa da, qiymət artımları fonunda inflyasiya təzyqləri də yüksələcək.
İran və ABŞ arasında yaxınlaşmanın real nəticələr verməsi halında qısa müddətdə neft bazarında eniş təzyiqi, qızıl bazarında isə təhlükəsiz aktivlərə tələbin zəifləməsi müşahidə oluna bilər.
Lakin bu prosesin nə dərəcədə davamlı olacağı və tərəflərin razılaşmaları hansı səviyyədə həyata keçirəcəyi gələcək bazar tendensiyalarını müəyyənləşdirəcək əsas amillərdən biridir”.
Aynurə İsmayıl
KONKRET.az
