Ermənistanda yenə ara qarışıb. Nikol Paşinyanın son bəyanatları erməni siyasi elitasında əməlli-başlı çaxnaşma yaradıb.
KONKRET.az xəbər verir ki, Baş nazir keçmiş prezidentləri debata çağırmaqla bu çaxnaşmanı bir qədər də canlandırıb. Üstəlik onların Paşinyana cavabı, ekspertlərin təhlilləri və politoloqların analizləri göstərdi ki, Ermənistan cəmiyyəti ciddi xəstəlikdən əziyyət çəkir və onların yaxın illərdə sağalmaq ehtimalı azdır. Azərbaycan ərazi bötövlüyünü tam bərpa etdikdən, Qarabağda suverenliyimiz bərpa olunduqdan sonra Ermənistanda yenidən müzakirələr başlayır. Suveren dövlətin ərazilərini müzakirəyə çıxaran Ermənistanda elə hesab edirlər ki, Qarabağ sırf Paşinyanın yürütdüyü siyasət üzündən geri qaytarılıb. Əvvəlki prezidentlərin hakimiyyətdə olduqları dövrlərdə, danışıqları uzatmaqla vaxt udan Ermənistan bunu sonsuza qədər davam etdirmək niyyətindəymiş.
Amma Azərbaycan əvvəlcədən bəyan edirdi ki, bir qarış ərazi belə müzakirə predimeti ola bilməz və Qarabağ Azərbaycanın suveren ərazisidir. Paşinyanın avantürüst siyasəti nəticəsində Azərbaycana qarşı yeni ərazi iddiaları ortaya atıldı və Ermənistanın keçmiş müdafiə nazirinin “yeni müharibə, yeni ərazilər” deyə sayıqlamağa başlaması, Azərbaycan üçün qırmızı xətt idi. Üstəlik, Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə”, ifadəsi də Azərbaycanı əməli addımlar atmağa vadar etdi. Artıq Ermənistanın təqdim etdiyi yeni siyasi kurs bəlli idi və onlar əməlli-başlı Azərbaycana meydan oxuyurdular. Danışıqlar masasında Qarabağın tərəf kimi təmsil olunmasını irəli sürən Nikol Paşinyan artıq bütün xətləri tapdalamışdı. Ona görə də Azərbaycanın adekvat cavabı çox sərt və öldürücü oldu. Cəmi 44 günə Qarabağdakı Ermənistan ordusunun axırına çıxan Azərbaycan Silahlı Qüvvələri 30 il işğal altında qalan torpaqlarımızı azad etdi. Daha sonrakı hadisələr və bir günlük antiterror əməliyyatından sonra Qarabağda separatçılığa son qoyuldu.
İndi bunalrı qəbul edə bilməyən ermənilər biri-birilərinin boğazına keçib və günahkar axtarırlar. Əvvəlki prezidentlər Paşinyanı, Paşinyan isə onları ittiham edir. Erməni siyasi şərhçi Suren Surenyants hesab edir ki, Paşinyan yalan danışır. Ermənistan mətbuatına müsahibə verən Surenyants bildirib ki, Paşinyanın komanda yoldaşı, parlamentin üzvü Arman Yeqoyanın fikirincə 2019-cu ildə masada nizamlanma planı olub:
“Yeqoyan deyir ki, söhbət Lavrovun planından gedir. Yeri gəlmişkən, bu plan Lavrovun, hətta Rusiyanın da ayrıca təşəbbüsü deyildi. Bu. həmsədrliyin ümumiləşdirilmiş sənədidir. Amma məsələ bu deyil. Yeqoyan faktiki olaraq Paşinyanın yalançı olduğunu iddia edir, çünki sonuncu 2019-2020-ci illərdə masada heç bir nizamlanma planının olmadığını iddia edib. Əslində Paşinyan hamımıza yalan danışıb. Avantürist siyasəti ilə ölkəni müharibəyə sürükləyib”.
Vəli Həsənoğlu,
KONKRET.az