“Azərbaycan ailəsi dedikdə ilk növbədə nə başa düşülür? – ŞƏRHbackend

“Azərbaycan ailəsi dedikdə ilk növbədə nə başa düşülür? - ŞƏRH

Hazırda Azərbaycan dövlətinin diqqətində olan əsas məsələlərdən biri ailə institutunun möhkəmləndirilməsidir. Ailənin yaradılması, funksiyaları və idarə olunması bəzən cəmiyyətin maliyyə, sosial və iqtisadi vəziyyətində də asılı ola bilir.

Dövlət ölkədə gender bərabərliyi, qadınların cəmiyyətdə öz yerini tutması üçün çalışır və bütün sahələrdə qadının rolunu vurğulayır. Azərbaycanda qədim zamanlardan qadına hörmətlə yanaşılıb. Buna misal olaraq, Azərbaycan birinci dəfə müstəqilliyini elan etdikdən sonra hökumətin həyata keçirdiyi tədbirlərdən biri Şərqdə ilk dəfə olaraq qadınlara kişilərlə bərabər hüquqlar, həmçinin, seçkilərdə iştirak etmək hüququnun verilməsini göstərə bilərik. Azərbaycan ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələrdə kişi və qadın bərabərliyini təmin etmək üçün maariflənmə prosesinə xüsusi önəm verir, Bu isə ölkədə gender bərabərliyinə və gələcək nəslin daha sağlam böyüməsinə şərait yaradır. Cəmiyyətdə gender, ailə və demoqrafiya məsələlərinin təmin edilməsi məqsədilə tərtib edilən proqramlarda önəmli və əsas rolu isə media oynayır.

Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq, ölkədə demoqrafik vəziyyət, gender bərabərliyi və ailə institutları ilə bağlı göstəricilərin yaxşılaşmasına nail olunub. Nəzərə almaq lazımdır ki, Azərbaycan 1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsi ilə bərabərhüquqluluq prinsipinin tətbiq edilməsi nəticəsində Şərqdə qadınlara seçmək və seçilmək hüququnu tanıyan ilk ölkə kimi tarixə düşüb. Ona görə də, ənənələrə sadiq qalmaq və qloballaşan dünyada dövlətlərin inkişafı üçün gender və demoqrafiya amilinin vacib olduğunu nəzərdən qaçırmamaq lazımdır. Həmçinin, müasir dövrdə gender bərabərliyinin dövlət idarəetməsində, siyasi sferada qorunması da aktualdır.

Gender, ailə və demoqrafiya məsələləri dövləti, cəmiyyəti düşündürən vacib məsələlərdəndir. Ailə qan qohumluğuna və bəzən də mənəvi doğmalığa əsaslanan kiçik qrupdur. O, adi birlik forması yox, sosial institutdur və bu institutda baş verən hadisələr cəmiyyətdə güzgü effekti yaradır. Ailənin özünəməxsus funksiyaları var. Ailənin funksiyaları dedikdə, onun həyat fəaliyyətinin başlıca istiqamətləri nəzərdə tutulur. Bu baxımdan, onun aşağıdakı funksiyalarını fərqləndirmək olar:

Reproduktiv, təsərrüfat-iqtisadi, tərbiyə, bərpaedici və digər bu kimi məqamlar.

Respublikamızda məqsədyönlü gender siyasəti aparılır və bu mühüm sahə dövlətin daim diqqət mərkəzindədir. Bununla əlaqədar xüsusi Dövlət Proqramı qəbul olunub, bu gün Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlmiş siyasət

Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Müasir dünyada gender bərabərliyi, ailə institutunun sabitliyi və demoqrafik dəyişikliklər bir-biri ilə sıx bağlı olan, cəmiyyətin strukturuna və gələcəyinə birbaşa təsir göstərən əsas sosial məsələlərdəndir. Bu üç sahə yalnız ayrı-ayrılıqda deyil, bir-biri ilə əlaqəli şəkildə öyrənildikdə, cəmiyyətin inkişafını daha aydın anlamağa imkan verir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qadınların ictimai-siyasi həyatda rolu daha da artmağa başlayıb.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən sosioloq Nailə İsmayılova bildirib ki, Azərbaycan qadını hər zaman fədakarlığın və ailəyə bağlılığın simvolu olub.

 

Onun sözlərinə görə, ailə institutunun möhkəmliyi birbaşa ailə üzvləri arasında olan münasibətlərdən asılıdır:

“Azərbaycan ailəsi dedikdə ilk növbədə qadın və kişinin bərabərliyi, övladlara qarşı valideyn münasibəti nəzərdə tutulur. Konstitusiyada ailə dövlətin himayəsindədir və uşaqlar da dövlətin qorumasındadır. Bu da ailə institutunun möhkəmlənməsinə xidmət edir”.

Sosioloq əlavə edib ki, Azərbaycan bir sıra beynəlxalq konvensiyalara, o cümlədən qadına qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunmasına dair sənədə qoşulub. Bu isə ölkədə qadın və kişi hüquqlarının bərabərliyini təmin edir.

Demoqrafik məsələlərə də toxunan N.İsmayılova bildirib ki, bəzi yeni qurulmuş ailələr övlad sahibi olmaq qərarını təxirə salır:

“Hər bir qadının reproduktiv sağlamlığı qorunmalıdır. Bu, həm onun özü, həm də dünyaya gətirəcəyi övladın sağlamlığı üçün vacib amildir”.

Ekspertin fikrincə, gender bərabərliyi, sağlam ailə münasibətləri və demoqrafik sabitlik Azərbaycan ailə institutunun gələcəyi üçün əsas şərtlərdəndir.

Aynurə İsmayıl,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*