Azərbaycan multikultural dəyərlərə sadiqlik baxımından dünyanın bir çox ölkəsinə nümunədir – ŞƏRHbackend

Azərbaycan multikultural dəyərlərə sadiqlik baxımından dünyanın bir çox ölkəsinə nümunədir - ŞƏRH

Hər bir ölkənin mənəvi sərvətini həm də onun dini və milli tolerantlığı, digər xalqlara münasibətinin göstəriciləri müəyyən edir.

Dünya xalqlarının tarixinə nəzər salanda düşünürsən ki, ən böyük xoşbəxtlik müxtəlif millətlərin və koonfessiyaların zənginliyi ilə seçilən, ərazisində heç vaxt dini və etnik zəmində qısnamaların müşahidə edilmədiyi məmləkətlərdə yaşamaqdır.

Vətənimiz olduğu üçün demirik, həqiqətən, Azərbaycan tolerantlıq və multikulturalizm dəyərləri baxımından dünyanın bir çox ölkəsinə nümunədir. Bunu Azərbaycanda yaşayan milli azlıqlar da etiraf edir, ölkəmizə gələn çoxsaylı əcnəbi qonaqlar da.

Məhz bu səbəbdən Azərbaycanda yaşayan və xristian dininə mənsub olan xalqlar müsəlman azərbaycanlılarla mehriban və təhlükəsiz şəraitdə yaşamağa üstünlük verirlər. Onlar nəinki faşişt və separatçı meylləri ilə bəslənmiş, ölkəmizdə soyqırımlar, terror aktları, hərbi cinayətlər törətmiş xristian ermənilərini dəstəkləmədilər, həm də böyük fədakarlıqla azərbaycanlılarla çiyin-çiyinə vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda mübarizəyə qalxdılar.

Azərbaycanda multicultural və tolerantlıq dəyərlərinin həyat tərzinə çevrildiyi bütün dünyada etiraf olunur. Azərbaycan Prezidenti İlham Əliyev hər il bütün icmaları dini bayramları münasibətilə təbrik edir, ölkəmizin ərazisində olan dini məbədlərin tikilməsinə, bərpa olunmasına həssas münasibət sərgiləyir. Müxtəlif konfessiya liderlərinin dövlət tədbirlərində, dini və tarixi bayramlarda iştirakı xoş ənənəyə çevrilib.

Hazırda bu siyasət uğurlu şəkildə işğaldan azad edilmiş Qarabağda həyata keçirilir. Erməni faşistləri tərəfindən məhv edilmiş, tövlələrə çevrilmiş məscidlər və kilsələr yenidən tikilir və ya bərpa edilir. Bu yolverilməz əməlləri törədəndə ermənilər zənn edirdilər ki, xalqımızın ürəyinə dağ çəkirlər. Amma tolerantlıq düşmənləri olan cinayətkarlar xəstə təxəyyülləri ilə anlamırdılar ki, öz millətlərini bütün dünyada biabır edirlər. 

Mədəniyyət paytaxtımız Şuşada keçirilən “Xarıbülbül” beynəlxalq festivalında Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqisindən ibarət proqramın təqdim edilməsi xalqımızın mədəni müxtəlifliyinin və millətlərarası münasibətlərin təntənəsinə çevrilib.

Azərbaycan dövləti fərqliliyi zənginliyə, müzakirələri inkişafa, iğtişaşları sülhə, fərdiyyətçiliyi harmoniyaya aparan tolerantlığı sözdə və əməldə elə sübut edib ki, ölkəmizlə bağlı hər şeyi qara görmək istəyənlər bu istiqamətdə bizə irad tutmaq üçün bəhanə tapa bilmirlər.

Bütün dünya görür ki, Azərbaycanın dövlət başçısı Avropa Oyunlarında erməni boksçuya medal təqdim edir, düşmən ölkənin təmsilçisini fitə basmaq istəyən soydaşlarımızı əlinin hərəkəti ilə dərhal dayandıra bilir. Amma Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində baş nazir Nikol Paşinyanın gözü qarşısında Azərbaycanın dövlət bayrağı yandırılır. Baş nazir bu vandalizm aktını sakitcəsinə seyr edir. Bu zaman tolerantlıq fikirlərinin əsasını təşkil edən 1948-ci il İnsan Hüquqlarına dair Ümumi Bəyannamənin prinsiplərinin kobubcasına pozulmasının fərqinə belə varmır.

Xatirə SADİQ,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlığı, millətlərarası münasibətlərin inkişaf səviyyəsi” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*