Azərbaycan sülhməramlıları Qəzzadabackend

Azərbaycan sülhməramlıları Qəzzada

“Azərbaycan hərbçilərinin Qəzzada sülhməramlı missiyanı icra etməsi realdır. Çünki Azərbaycanın sülh yaratma missiyası ilə bağlı təcrübəsi var. Kosovoda, Əfqanıstanda və İraqda hərbçilərimiz belə missiyalarda uğurla iştirak edib. Belə bir sülh yaratma missiyası olacağı təqdirdə, Azərbaycanda orada qardaş Pakistanla, müsəlman ölkəsi olan İndoneziya ilə bir yerdə iştirak edə bilər”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, belə bir addım Bakı-Təl Əviv münasibətlərinə mənfi təsir etməyəcək:

“Bu məsələ hazırda müzakirə olunur. Mən hesab edirəm ki, Azərbaycan-İsrail münasibətlərinin buna heç bir mənfi təsiri ola bilməz. Çünki bu hansısa bir müharibə faktoru deyil. Bu sırf Qəzzada sülhməramlı missiyanın təşkilidir. Azərbaycan həm Qəzzaya, həm də İsrailə münsibətdə tutduğu obyektiv mövqeyə görə, Tel-Əviv bunu anlayışla qəbul edəcək. Ona görə hesab edirəm ki, bu hələ yaxın perspektivin söhbətidir”.

Polkovnik qeyd edib ki, Azərbaycan Qəzza sakinlərinin güvəndiyi ölkə statusundadır:

“Düzdü, tərəflər arasında atəşkəs əldə olunub. ABŞ prezidenti Donald Tramp bəh-bəhlə deyir ki, 8 ayda 8 müharibəni dayandırıb. Amma istənilən halda Qəzzada ola biləcək sülhməramlı missiyada Azərbaycan da təmsil olunacaq. Onlar özləri də Azərbaycanın iştirak etməsində həvəslidir. Çünki Azərbaycan həm qardaş Türkiyənin, həm də Qəzzadakı insanların güvəndiyi ölkə statusundadır. Bu səbəbdən, Azərbaycan hərbçilərinin Qəzzada Pakistan və İndoneziya sülhməramlıları ilə birgə iştirakı gözləniləndir.  Bu məsələ müzakirə mərhələsindədir”.

Ü.Cəfərov vurğulayıb ki, hazırda ölkə rəsmiləri ilə bu istiqamətdə danışıqlar aparılır:

“İnanıram ki, Azərbaycan öz təcrübəsini orada da tətbiq edəcək. Bizim hərbçilər çox yaxşı imic qazanıblar. Müxtəlif səviyyələrdə, bir sıra qurumlarla bu haqda müzakirələr aparılıb. Bildiyim qədəri ilə, Azərbaycan da bu məsələdə öz müsbət siqnalını qarşı tərəfə ötürüb. Hansı heyətlə, neçə nəfərlə iştirak məsələsi isə qərar veriləndən sonra razılaşdırılacaq. Əlbəttə, bu çox məsuliyyətli bir işdir. Bu məsuliyyəti işi də Azərbaycan bu dəfə də yüksək səviyyədə yerinə yetirəcək”.

Qeyd edək ki, Qəzza Zolağında vəziyyəti stabilləşdirmək məqsədilə planlaşdırılan sülhməramlı missiyada iştirak üçün İndoneziya, Azərbaycan və Pakistan əsas namizədlər kimi önə çıxır. Bu barədə “Politico” nəşri Ağ Evdəki mənbəsinə istinadən məlumat yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*