Vaxtilə müxalifətimiz Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Rusiyanın adamı” olduğunu əsas gətirərək, onun vəzifədən kənarlaşdırılmamasını və cəzalandırılmamasını iqtidarımıza irad tuturdu.
KONKRET.az nocommentaz-a istinadən xəbər verir ki, indi hakimiyyət onların arzusunu yerinə yetirib və Ramiz Mehdiyevin barəsində həbs-qətiimkan tədbiri seçərək, onu 4 ay müddətinə ev dustaqlığına məhkum edib. Amma nə müxalifətin, nə də xarici blogerlərin bu addımı alqışladıqlarını görmürük.
Üstəlik, bu qüvvələr Ramiz Mehdiyevin həbs edilməsinə istehza ilə yanaşır, ağır ittihamlara lağ edirlər. Xalq qəzəbindən çəkinməsələr, bəlkə də Ramiz Mehdiyevin müdafiəsinə qalxar, onu “siyasi məhbus” da adlandırardılar.
Nə qədər qəribə və acı səslənsə də, müxalifətimizin bu mövqeyi ermənipərəst “Kommersant” qəzetinin erməni əməkdaşı Lusine Balasanyanla üst-üstə düşür.
“Bakının boz kardinalı həbsə göndərildi” başlıqlı məqaləsində Ramiz Mehdiyevi “Azərbaycanın ən nüfuzlu siyasi xadimlərindən biri” adlandıran erməni jurnalist belə yazıb:
“Amma ən əsası odur ki, dövlətə xəyanət və hakimiyyəti ələ keçirməyə cəhd ittihamının əsası hələ də bəlli deyil. Yeganə, təxmin etmək olar ki, o, Moskvanın maraqlarına xidmət etməkdə şübhəli bilinir”.
Mehdiyevin bioqrafiyasından bəzi epizodları xatırladan erməni jurnalisti “Kommersant”ın Zaqafqaziya ölkələri ilə bağlı diplomatik mənbəyə istinadən bildirib ki, Ramiz Mehdiyevün ünvanına ittihamların iki səbəbi ola bilər.
“Birincisi, müəyyən haqq-hesab çəkmələrdir. Hərçənd, indi İlham Əliyevin hakimiyyətdə olmasında onun töhfələri yüksəkdir. Məhz Mehdiyevin dəstəyi sayəsində İlham Əliyev 20 il əvvəl hakimiyyətə gələ bildi və ilk illərdə onu saxlaya bildi. Xüsusən 2005-ci il böhranında, elitada parçalanma baş verdiyi və heç də hamı İlham Əliyevi dövlət başçısı kimi dəstəkləmədiyi bir vaxtda”, – deyə mənbə iddia edib.
Onun sözlərinə görə, ikinci məqam ondan ibarətdir ki, Rusiyaya qarşı dövlətə xəyanətdə ittihamlar hazırkı Rusiya-Azərbaycan münasibətləri kontekstindən kənarda nəzərdən keçirilə bilməz: “Bu yaxınlarda Düşənbədə bu münasibətlərin sabitləşməsinə yönəlmiş görüş keçirilib. Mehdiyevi Rusiyaya işləməkdə ittiham etmək cəhdi isə Bakıdan Moskvaya qarşı narazılıqların hələ də qaldığına dair siqnal kimi şərh edilə bilər”.
Diplomatik mənbə Ramiz Mehtiyevin Rusiyaya işləməsi ilə bağlı iddiaları əsassız adlandırıb: “Onun həqiqətən də Rusiyanın maraqlarını irəli sürdüyünü təsəvvür etmək olduqca çətindir: onun administrasiyaya rəhbərlik etdiyi müddətdə Rusiya ilə bağlı bir dənə də olsun böyük layihə həyata keçirilməyib. Azərbaycan nə KTMT-yə, nə də Aİİ-yə daxil olmayıb. Hərçənd, o, əsl boz kardinal olub və istənilən layihəni irəli sürə bilərdi”.
Yəqin ki, bu cür absurd fikirləri yalnız erməni əsilli diplomat dilə gətirə bilər. Onlar unudurlar ki, İlham Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi Heydər Əliyevin sağlığında hakimiyyətə gəlmişdi. Xalq Heydər Əliyevin “Mən ona özüm kimi inanıram” müraciətinə inanaraq İlham Əliyevi özünə lider seçmişdi. Və bu seçimində yanılmadığını Azərbaycanın bu gün yüksəldiyi mövqe sübut edir. Ramiz Mehdiyev belə güclü idisə, özü niyə hakimiyyətə gələ bilməmişdi?!
