Bakı və İrəvan hazırlıq mərhələsində: Seçkilərdən əvvəl sülh, yoxsa…?backend

Bakı və İrəvan hazırlıq mərhələsində: Seçkilərdən əvvəl sülh, yoxsa...?

Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, parlament seçkilərindən əvvəl Azərbaycanla sülh müqaviləsinin imzalanması hökumətin gündəliyinə salınıb. Bəs sülh müqaviləsinin seçkilərdən əvvəl imzalanması real görünürmü, yoxsa proses yenə uzana bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, yekun sülh müqaviləsinin imzalanması üçün ilk növbədə Ermənistanın Konstitusiyasında dəyişiklik edilməlidir.

Onun sözlərinə görə, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar aradan qaldırılmadan yekun sülh sənədinin imzalanması mümkün görünmür:

“Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsi yalnız Ermənistan Konstitusiyasında dəyişiklik edildikdən sonra mümkündür. Görürük ki, həm ABŞ, həm də Ermənistan yaz aylarında yekun sülh müqaviləsinin bağlanmasına çalışır. Lakin bu, müəyyən risklər yarada bilər. Referendum keçiriləcəksə və Konstitusiyaya dəyişiklik ediləcəksə, orada Azərbaycana qarşı müddəalar aradan qaldırılmalıdır. Bu olmadan Azərbaycan yekun sülh müqaviləsinə getməyəcək”.

Politoloq qeyd edib ki, burada əsas məsələ Azərbaycanın mövqeyidir və rəsmi Bakı sənədin milli maraqlara uyğun olmasına xüsusi önəm verir:

“Ermənistan bu məsələni öz gündəliyinə sala bilər. Amma əsas olan Azərbaycanın maraqlarıdır. Əgər Konstitusiya məsələsi həll olunmadan sülh müqaviləsi imzalansa, bu, Azərbaycanın maraqlarına uyğun olmayacaq”, – deyə Əsədullazadə vurğulayıb.

Beləliklə, ekspertin fikrincə, Paşinyan hökumətinin seçkilərdən əvvəl sülh sazişini imzalamaq istəyi real siyasi iradə nümayişi kimi qiymətləndirilsə də, prosesin hüquqi və siyasi maneələr səbəbindən uzanması ehtimalı daha yüksəkdir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*