Cəmiyyətdə ailə institutunun qorunması ilə bağlı müzakirələr vaxtaşırı yenidən gündəmə gəlir. Xüsusilə, boşanmaların statistikasında artım müşahidə olunduğu dövrlərdə müxtəlif təkliflər səsləndirilir. Nikahın çətinləşdirilməsi, barışıq mexanizmlərinin gücləndirilməsi, hətta boşanmaya görə cərimələrin tətbiqi kimi təşəbbüslər də müzakirə predmetinə çevrilir. Bu isə təbii olaraq hüquqi və ictimai müstəvidə ciddi suallar doğurur. Maraqlıdır, Azərbaycan qanunvericiliyində boşanmaya görə cərimə tətbiqi hüquqi baxımdan mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov belə bir təşəbbüsü absurd adlandırıb.
Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində vətəndaşların ailə qurmaq və nikaha daxil olmaq hüququ təsbit olunubsa, eyni zamanda nikaha xitam vermək hüququ da tanınır.
“Vətəndaşın evlənmək, nikaha girmək, eləcə də nikahdan çıxmaq hüququ var. Dövlət buna hörmət etməlidir. Vətəndaşın nikahdan çıxmağına görə cərimə tətbiq etmək absurd məsələdir”.
R.Süleymanov vurğulayıb ki, ailə münasibətləri könüllülük prinsipi əsasında qurulur və məcburilik hüquqi baxımdan yolverilməzdir. Onun fikrincə, boşanmaya görə inzibati və ya digər formada cərimə tətbiqi həm Konstitusiyada təsbit olunan hüquq və azadlıqlara, həm də ailə qanunvericiliyinin əsas prinsiplərinə zidd olardı.
Aynurə İsmayıl
KONKRET.az

