Rusiya prezidenti administrasiyasının sözçüsü Dmitri Peskov bildirib ki, Azərbaycan və Ermənistan suveren dövlətlər kimi istənilən ölkə, o cümlədən ABŞ ilə münasibətlərini müstəqil şəkildə qurmaq hüququna malikdir.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, bu ölkələrin xarici siyasət seçimləri onların suveren hüququdur.
Peskov ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Cənubi Qafqaza səfərini və üç ölkə arasında genişmiqyaslı birgə layihələrlə bağlı səsləndirilən planları şərh edərkən bu məqama diqqət çəkib.
“Bunlar suveren dövlətlərdir və müxtəlif ölkələrlə münasibətlər qurmaq onların suveren hüququdur”, – deyə Kremlin sözçüsü vurğulayıb.
Peskov əlavə edib ki, Moskvanın həm Bakı, həm də İrəvanla geniş və çoxşaxəli ikitərəfli münasibətlər kompleksi mövcuddur. Bu əlaqələr ticarət-iqtisadi əməkdaşlıq, investisiyalar və mədəni qarşılıqlı fəaliyyət də daxil olmaqla müxtəlif sahələri əhatə edir.
“Əlbəttə, biz tərəfdaşlarımızla bu münasibətləri inkişaf etdirmək niyyətindəyik ki, onlar həm bizim, həm də onlar üçün faydalıdır”, – Peskov qeyd edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
